Azərbaycanda vahid nəqliyyat kartlarının turizm məqsədləri üçün istifadəsi təklif edilir

Azərbaycanda vahid nəqliyyat kartlarının turizm məqsədləri üçün istifadəsi təklif edilir Bu təşəbbüslə Hotellər və Restoranlar Assosiasiyasının rəhbərliyi çıxış edib
Turizm
13 May , 2016 18:07
Azərbaycanda vahid nəqliyyat kartlarının turizm məqsədləri üçün istifadəsi təklif edilir

Bakı. 13 may. REPORT.AZ/ Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası "BakıKart" vahid nəqliyyat kartlarının turizm məqsədləri üçün istifadə olunması ilə bağlı təşəbbüslə çıxış edib. 

Assosiasiyadan “Report”a verilən məlumata görə, təşkilatın ekspertləri Almaniya, Fransa, Hollandiya və bir sıra digər dövlətlərin təcrübəsinə əsaslanaraq belə bir təklif irəli sürüblər.

Assosiasiya rəhbərliyi bir sıra təşkilatlara müraciət edib və nəqliyyat kartlarının mədəniyyət, turizm imkanları ilə inteqrasiya olunması, məsələnin inzibatı, texniki, maliyyə və s. imkanlarını müzakirəyə çıxarıb.

"Bir sıra dövlətlərin bu sahədə təcrübəsini araşdıran Assosiasiyanın mütəxəssisləri hesab edirlər ki, vahid nəqliyyat kartları ictimai nəqliyyatdan istifadə etməklə yanaşı şəhərin qonaqları və turistləri üçün maraqlı olan müxtəlif digər xidmətlər də təklif edir. Bunların sırasında muzeyləri, teatrları, sərgiləri və turizm baxımından faydalı digər xidmətlərin də təklifini sadalamaq olar", - deyə məlumatda qeyd olunub.

Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, şərt bu kartların istifadəsini digər dövlətlərdə olduğu kimi etmək deyil: “Biz mütləq yerli imkanlarımızı, turizm, xidmətlər, əyləncə infrastrukturunu təhlil etməliyik. Daha sonra şəhərin infrastrukturuna uyğun formatda bu kartların istifadəsi təşkil olunmalıdır. Əgər Paris, Amsterdam, Münhendə nəqliyyat kartları ilə muzeylərə, şəhər turlarına və bəzi hallarda hətta digər yaxın şəhərlərə getmək imkanları ödənişsiz və yaxud endirimli qiymətlərlə təklif edilirsə, Bakıda bu imkanların sayı ilkin mərhələdə məhdud ola bilər. Eyni zamanda, texniki imkanları da araşdırmalıyıq”.

Bakının turizm infrastrukturunu nəzərə alan Assosiasiya mütəxəssisləri nəqliyyat kartlarının xidmət yükünü artıraraq müxtəlif əlavə xidmətlərin tətbiqini səmərəli və məqsədəuyğun hesab edirlər: “Bakıdakı bir sıra xidmət və mədəniyyət ocaqlarının nəqliyyat kartlarına bağlanması artıq mümkündür. Belə bir sistemin tətbiqi muzeylərin, teatrların, qoruqların ziyarətçilərinin sayını artırar, ümümilikdə Azərbaycan mədəniyyəti, incəsənəti, tarixi dəyərlərinin təbliğinə və təşviqinə böyük bir töhfə verə bilər. Kartların universallığını təmin edərək hotel, restoran, ticarət sahələrində müxtəlif endirimlər də tətbiq etmək mümkündür. Əgər Azərbaycana gələn turistlərin aeroportlarda, turizm informasiya ofislərində, dayanacaqlarda, metro stansiyalarında və digər məkanlarda kartları əldə etmək imkanları olarsa, onlar həm nəqliyyatdan, həm də əlavə təklif edilən xidmət və endirimlərdən vahid kart vasitəsilə rahat istifadə edə bilərlər. Bu, ölkənin regionlarından paytaxta gələn insanlar üçün də əlavə imkanlar yarada bilər”.

Son xəbərlər

Orphus sistemi