Nazir: "Azərbaycanda bütün mehmanxanalar mütləq sertifikatlaşmadan keçməlidir"

Nazir: "Azərbaycanda bütün mehmanxanalar mütləq sertifikatlaşmadan keçməlidir" Lisenziyalar internet vasitəsilə verilir
Turizm
23 Dekabr , 2015 17:40
Nazir: Azərbaycanda bütün mehmanxanalar mütləq sertifikatlaşmadan keçməlidir

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycanda bütün mehmanxanalar mütləq şəkildə qanun çərçivəsində sertifikatlaşmadan keçməlidir

“Report” xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev otellərdə lisenziyaların ləğvinə münasibət bildirərkən deyib: “Mədəniyyət və Turizm Nazirliyi həmişə çalışır ki, turizm sahəsində çalışan təşkilatlarla və qurumlarla sıx əməkdaşlıq etsin və onlara heç bir maneçilik törətməsin. Lisenziyalar internet vasitəsilə verilir. Lakin bununla da müəyyən qədər çətinliklər, əlavə vəsaitlərin xərclənməsi, vaxt itkisi kimi məsələlər meydana gəlirdi. Prezidentin tapşırığı verilən kimi, nazirliyin mütəxəssisləri Turizm Assosiasiyasının üzvləri ilə birgə müzakirə etdi və qərara gəlindi ki, lisenziyaların verilməsi indiki dövrdə məqsədə müvafiq deyil".

Nazir bildirib ki, sərbəst olaraq turizm fəaliyyəti ilə məşğul olan şirkətlər və otellər var: "Bu o demək deyil ki, bu sahə nəzarətsiz olacaq və orada özbaşınalıq hökm sürəcək. İlk olaraq biz Azərbaycanda lisenziyaların ləğvi təşəbbüsünü qaldırmışıq. Artıq bu prosesə başlamışıq, Azərbaycanda bütün mehmanxanalar mütləq şəkildə qanun çərçivəsində sertifikatlaşmadan keçməlidir. Bu, lisenziya deyil. Amma hər otelin öz xidmət dərəcəsi müəyyənləşdirilməlidir. Belə olmasın ki, iki ulduzun xidmətini göstərən otel öz divarında beş ulduzu yapışdırsın. Bu kimi hallar yolverilməzdir, ona görə də sertifikatlaşdırılma mütləq həyata keçməlidir. Hər bir otel layiq olduğu ulduzun dərəcəsini alacaq”.

Son xəbərlər

Orphus sistemi