Azərbaycan "IMEX 2015" beynəlxalq işgüzar turizm sərgisində təmsil olunacaq

Azərbaycan "IMEX 2015" beynəlxalq işgüzar turizm sərgisində təmsil olunacaq Sərgi mayın 19-dan 21-dək davam edəcək
Turizm
12 May , 2015 18:01
Azərbaycan IMEX 2015 beynəlxalq işgüzar turizm sərgisində təmsil olunacaq

Bakı.12 may. REPORT.AZ/ Azərbaycan Konqreslər Bürosu "IMEX 2015" beynəlxalq işgüzar turizm sərgisində ölkəni təmsil edəcək. "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

2013-cü ildə dövlət və özəl sektorun əməkdaşlığı əsasında Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan Büro mayın 19-dan 21-dək Almaniyanın Frankfurt şəhərində keçiriləcək "IMEX 2015" sərgisində ikinci dəfə iştirak edəcək. Görüşlər İttifaqı sahəsində təşkil olunan aparıcı sərgilərdən olan IMEX hər il beynəlxalq konqres və konfransların təşkili, geniş əhatəli tədbirlərin keçirilməsi və həvəsləndirici turizm sahəsində xidmətlərin göstərilməsində maraqlı olan yüzlərlə mütəxəssisi bir araya gətirir.

Bu il sərgidə 74 ölkədən 3500 şirkətin təmsil olunması gözlənilir. Üçgünlük sərgi çərçivəsində 14 mindən çox alıcı və satış ziyarətçisinin iştirak etməsi gözlənilir.

Azərbaycan Konqreslər Bürosu ilə yanaşı ölkəmizi sərgidə Büronun tərəfdaşları olan və turizm sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri də iştirak edəcək. Bu tərəfdaşlar siyahısına Absheron Hotel Group, Boulevard Hotel Baku, Fairmont Baku, Hilton Baku, JW Marriott Absheron Baku, Kempinski Badamdar Baku, Qafqaz Baku City Hotel & Residences, Trump International Hotel & Tower Baku, Holiday Inn Baku, Improtex Travel Tours & Conferences, Caspian Event Organisers, ENC Tours, Geo Travel, MICE.az, Millennium Tourism, PASHA Travel və Regea Travel & DMC daxildir.

"IMEX 2015" sərgisində ölkənin turizm imkanlarını əks etdirən 72 kv.m sahədə quraşdırılacaq stend Büronun fəaliyyəti dövründə hazırladığı ən böyük stend olmaqla yanaşı əlverişli yerləşməsi ilə də seçilir.
Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlər daxildir.

Qeyd edək ki, hazırda Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqə qurur, bazar iştirakçılarını ölkəyə cəlb etmək və bütün maraqlı görüşlər sənayesi bazarı iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda iştirak edir.

Son xəbərlər

Orphus sistemi