Bakı. 9 dekabr. REPORT.AZ/ Türkiyənin "Anadolu" agentliyi, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Yunis Əmrə İnstitutu ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş fotosərgi təşkil edəcək.
Bu barədə "Report"a "Anadolu" agentliyinin Bakı ofisindən məlumat verilib.
Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar keçiriləcək “Anadolu agentliyi və AzərTAc obyektivindən Heydər Əliyev” adlı sərgidə ümummilli liderin şəxsi həyatından, iştirak etdiyi beynəlxalq toplantılardan və dünya liderləri ilə görüşlərindən foto-kadrlar yer alacaq.
Tədbirdə Heydər Əliyevin Türkiyəyə səfərləri ve Türkiyə siyasətçiləri ilə görüşlərinə aid seçmə fotolar da sərgilənəcək.
Sərginin açılışında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, "Anadolu" agentliyinin müdir əvəzi Əbubəkir Şahin, "AzərTAc"ın direktoru Aslan Aslanov, TRT-nin müdiri Şenol Göka və digər rəsmilər iştirak edəcək.
Sərgi dekabrın 11-dən 13-dək Bakıdakı Muzey Mərkəzində keçiriləcək.