Azərbaycan Konqreslər Bürosu Qazaxıstan və Yaxın Şərq bazarını araşdırır

Azərbaycan Konqreslər Bürosu Qazaxıstan və Yaxın Şərq bazarını araşdırır Keçirilən təlim ölkəmizin turizm bazarında çalışan 50-yə yaxın mütəxəssisi bir araya gətirib
Turizm
11 İyul , 2015 19:43
Azərbaycan Konqreslər Bürosu Qazaxıstan və Yaxın Şərq bazarını araşdırır

Bakı. 11 iyul. REPORT.AZ/ Dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan və Azərbaycanın turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən mühüm platforma olan Azərbaycan Konqreslər Bürosu daha bir uğurlu təlim həyata keçirib.

"Report" xəbər verir ki, 2015-ci il Təlimlər Planına əsasən Büronun üzvlüyündə olan mehmanxana, turizm agentlikləri və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər üçün nəzərdə tutulan növbəti təlim baş tutub.

Büro növbəti təlimini Qazaxıstan və Yaxın Şərq turizm bazarının öyrənilməsinə həsr edib.

Büronun satış və marketinq üzrə menecerləri Ayan Zeynalova və Anar Nərimanovun apardığı təlim ölkəmizin turizm bazarında çalışan 50-ə yaxın mütəxəssisi bir araya gətirib.

Təlim zamanı iştirakçılar Qazaxıstanın və eləcə də Yaxın Şərq ölkələrinin səyahət bazarının əsas göstəriciləri və zəmini barədə məlumatlandırılıb.

Həmçinin iştirakçılara Qazaxıstan və eləcə də Yaxın Şərq ölkələrinin Görüşlər Sənayesi bazarına daxil olma və bazarda özünü təşviq etmə yolları haqqında da məlumat verilib.

Qazaxıstan və eləcə də Yaxın Şərq ölkələri Azərbaycan üçün vacib və maraqlı ölkələrdir. Həmçinin bu ölkələrdən olan iş adamları və eləcə də adi turistlər Odlar Diyarına böyük maraq göstərir və ölkəmizin istər turizm istərsə də digər sahələrində əməkdaşlıq fürsətlərini yüksək dəyərləndirirlər.

2013-cü ilin sonlarından Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkəni beynəlxalq səviyyəli təyinat məkanı kimi təbliğ etmək daxildir.

Bu məqsəd ilə, Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır və bütün maraqlı Görüşlər Senayesi iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda iştirak edir.

Son xəbərlər

Orphus sistemi