YAP sağlamlıq imkanları məhdud gənclərə yeni avtobus hədiyyə edib

YAP sağlamlıq imkanları məhdud gənclərə yeni avtobus hədiyyə edib ​Baş nazirin müavini və Səlim Müslümov ƏƏSMN-in bir sıra obyektlərində olublar
Sosial müdafiə
2 İyun , 2015 15:26
YAP sağlamlıq imkanları məhdud gənclərə yeni avtobus hədiyyə edib

Bakı. 2 iyun. REPORT.AZ/ Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, partiyanın icra katibi, baş nazirin müavini Əli Əhmədov və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin bir sıra obyektlərində əlilliyi olan şəxslərə göstərilən xidmətlərin vəziyyəti ilə tanış olublar. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirliyin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə gələn tədbir iştirakçıları mərkəzdə sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyasının təşkili, onların təminatı vəziyyəti ilə yaxından tanış olub, peşə təlimində olan gənclərlə görüşüblər.

S.Müslümov bildirib ki, mərkəzdə bu vaxta qədər artıq 450 nəfərə yaxın peşə reabilitasiyasına cəlb edilib: "Hazırda isə 140 nəfərə yaxın müvafiq kateqoriyadan olan gənc burada peşə təlimindədir. Mərkəzdə kompüter istifadəçisi və kompüter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq və s. peşələr üzrə təcrübəli müəllimlər tərəfindən təlim keçilir. Ölkənin müxtəlif bölgələrindən mərkəzə peşə təliminə cəlb olunanlar burada təlim müddətində dövlət hesabına bütün müvafiq xidmətlərlə (yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s.) də təmin olunurlar. Bu gənclərin istedadlarının cəmiyyətə təqdim olunması üçün tez-tez onların əl işlərindən ibarət sərgilər keçirilir, bu gənclərin müxtəlif mədəni-kütləvi tədbirlərdə iştirakı, onlar üçün müxtəlif gəzintilər, ekskursiyalar təşkil olunur. Peşə təlimini bitirənlərin məşğulluğunun, eləcə də özünüməşğulluğunun təmini üçün də müvafiq işlər aparılır".

Ə.Əhmədov Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycanın sürətli tərəqqisinə səbəb olmaqla, sosial sahədə də mühüm nailiyyətlərə imkan yaratdığını vurğulayıb. O, ölkədə müasir tələblərə cavab verən belə bir mərkəzin fəaliyyət göstərməsinin həm əlilliyi olan şəxslərlə, həm də gənclərlə, onların sosial müdafiəsi ilə bağlı aparılan fəal və məqsədyönlü siyasətin növbəti bariz təzahürü olduğunu vurğulayıb.

Ölkənin hərtərəfli inkişafı proseslərində YAP-ın daim yaxından və fəal iştirak etdiyini qeyd edən Ə.Əhmədov bildirib ki, partiya gənclərlə bağlı layihələrə, həmçinin sağlamlıq imkanları məhdud gənclərin sosial müdafiəsi tədbirlərinə də mühüm yer ayırır, həmçinin Peşə Reabilitasiya Mərkəzi də diqqətdə saxlanılır və bu istiqamətdə nəcib bir addım olaraq, YAP tərəfindən mərkəzdə peşə təlimində olan sağlamlıq imkanları məhdud gənclərin müxtəlif tədbirlərə aparılıb-gətirilməsi, ekskursiya və gəzintiləri üçün avtobusun hədiyyə edilməsi qərara alınıb.

Sonra YAP tərəfindən Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə yeni avtobus təqdim olunub.

Əli Əhmədov və Səlim Müslümov daha sonra ƏƏSMN-in Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzində olublar. Mərkəz Sumqayıt şəhərində və ətraf rayonlarda yaşayan 16 yaşdan yuxarı əlilliyi olan şəxslərə kompleks tibbi-sosial reabilitasiya xidməti göstərilməsi ilə onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyasına xidmət edir. Burada dərman preparatları ilə yanaşı, səmərəli fizioterapevtik müalicə prosedurlarından da geniş istifadə olunur. Əlilliyi olan şəxslərin tibbi, sosial, peşə diaqnostikası və reabilitasiyası, xəstəlikləri nəzərə alınmaqla dietik və rasional qidalanmasının təşkili, həmçinin mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi və s. istiqamətlərdə işlər aparılır.

Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzinə baxış zamanı mərkəzdəki mövcud şəraitin müasir tələblərə cavab vermədiyi, binanın divarlarının, döşəmə və tavanının yararsız halda olduğu müşahidə edilib, burada əsaslı təmir işlərinin aparılmasına, yaxud yeni binanın tikintisinə ehtiyac olduğu müəyyən edilib.

Ə.Əhmədov və S.Müslümov ƏƏSMN-in Sumqayıt şəhərindəki 12 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) yeni inzibati binasının açılışında iştirak ediblər.

S.Müslümov bildirib ki, ƏƏSMN-in 38 region üzrə TSEK-ləri fəaliyyət göstərir ki, ötən ilin ortalarından onlarda əhaliyə xidmət şəraitinin müasir tələblərə uyğun qurulması üçün müvafiq işlərə başlanılıb. Ötən müddətdə bu Komissiya də daxil olmaqla artıq 21 region üzrə TSEK yeni inzibati binalarla, tibbi-sosial ekspertiza üçün müasir iş şəraiti və müayinə avadanlıqları ilə təmin ediliblər. Bu Komissiyaların yalnız iş şəraiti deyil, onların iş üsulları da müasirləşdirilir. Yəni əlillik təyinatında avtomatlaşdırılmış mexanizmin tətbiqinə başlanılıb və tibbi-sosial ekspertiza üçün müvafiq qurumlar arasında elektron sənəd mübadiləsi təmin olunur. Nəticədə, əlillik müayinəsi prosesində komissiya əməkdaşları ilə vətəndaşlar arasında ünsiyyət azalır ki, bu da şəffaflığın təminatına yönəlib. Tədbirdə TSEK üçün yaradılmış yeni iş şəraitinə, müayinə cihazlarına, göstərilən tibbi-sosial ekspertiza xidmətinə baxış olub, Komissiyanın əməkdaşlarına əhaliyə xidmətin layiqli və şəffaf şəkildə həyata keçirilməsi, əlilliyi olan şəxslərin reabilitasiyası işinin bərpa-müalicə müəssisələri ilə əlaqəli təşkili və s. barədə tapşırıqlar verilib.

ƏƏSMN-nin Paralimpiya İdman Kompleksinə gələn Ə.Əhmədov və S.Müslümov Kompleksdə əlilliyi olan idmançıların təlim-məşq toplanışlarının təşkili, beynəlxalq yarışlara hazırlaşmaları üçün yaradılmış şəraiti nəzərdən keçiriblər. Kompleksdə müasir avadanlıqla təchiz olunmuş akt salonu, trenajor, əl oyunları, böyük və kiçik atıcılıq zalları, açıq futbol və voleybol meydançaları, qapalı üzgüçülük hovuzu var. Binada əlilliyi olan şəxslərin sərbəst, maneəsiz hərəkəti, müxtəlif idman növləri ilə məşğul olmaları üçün lazımi şərait mövcuddur. Hazırda paralimpiyaçılar Kompleksdə "Bakı 2015" Avropa Oyunlarına hazırlaşırlar. Paralimpiyaçılar Prezident İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğını Bakıda keçiriləcək ilk Avropa Oyunlarında da doğruldacaqlarını, qələbələr seriyasını uğurla davam etdirəcəklərini vurğulayıblar.

Ə.Əhmədov və S.Müslümov ƏƏSMN-in Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində də olublar.

Son xəbərlər

Orphus sistemi