Yanan binanın sakinlərinin yerləşdiriləcəyi ünvanlar açıqlanıb

Yanan binanın sakinlərinin yerləşdiriləcəyi ünvanlar açıqlanıb Nazir Səlim Müslümov deyib ki, əgər kimsə kirayə ev tutmaq istəsə, dövlət onlara pul ödəyəcək
Sosial müdafiə
20 May , 2015 16:02
Yanan binanın sakinlərinin yerləşdiriləcəyi ünvanlar açıqlanıb

Bakı. 20 may. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonu ərazisində yanan binanın sakinlərinin müvəqqəti yaşayış yeri ilə təmin olunması üçün ayrılan yerlərdən biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri pansionatıdır. "Report" xəbər verir ki, nazir Səlim Müslümov bu gün pansionata gedərək, yanan binanın sakinlərindən bir hissəsinin müvəqqəti yerləşdirilməsi üçün nəzərdə tutulan otaqlar və kotteclərdəki şəraitlə tanış olub.

S.Müslümov jurnalistlərə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin "Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş verən yanğınla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında" sərəncam imzalayıb. O, komissiyanın Prezident İlham Əliyevin sədrliyi ilə mayın 20-də iclasının keçirildiyini diqqətə çatdırıb: "İclasda ölkə başçısı müvafiq orqanlara baş verən yanğın hadisəsinin araşdırılaraq günahkarların müəyyən olunması və sərt cəzalandırılması barədə qəti tapşırıqlar verdi. Amma bundan öncə müvafiq dövlət qurumlarına, o cümlədən ƏƏSMN-ə hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi tapşırılıb".

Nazir bildirib ki, dövlət başçısı ilk növbədə yanğın baş verən binanın xilas olunan sakinlərinin, orda yaşayan ailələrin təcili yerləşdirilməsini tapşırıb. Bununla əlaqədar, bir sıra yerlər müəyyən olunub. Həmçinin ƏƏSMN-in Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri pansionatında iki kottec, 18 otaq hazırlanıb. Bundan başqa, Dövlət Sərhəd Xidmətinin Goradildəki pansionatında 10 kottec, Həmkarlar İttifaqları Konfederasiyasının Buzovnada yerləşən sanatoriyasında 36 otaq hazırlanıb: "Həmin ailələrə təklif olunub ki, onlara istədikləri halda müvafiq maliyyə vəsaiti ödənilsin ki, kirayə mənzillər tutsunlar. Onların çoxu yaxın ərazilərdə mənzil kirayə götürməyə üstünlük verib və onlara bunun üçün müvafiq maliyyə vəsaitləri ödənilib". 

S.Müslümovun sözlərinə görə, yanan binanın dayanıqlığı yoxlanılacaq, əgər bina yanğından sonra dayanıqlı vəziyyətdədirsə, onda o binanın dövlət hesabına hökumət tərəfindən təcili təmir olunması, eləcə də bütün mənzillərin müvafiq avadanlıqlarla, yəni mebellərlə, digər əşyalarla təmin olunaraq həmin ailələrə təqdim olunması həyata keçiriləcək. Komissiya yanğın zamanı zərərçəkənlərin sayının dəqiqləşdirilməsi işlərini aparır. Günün sonuna kimi bu məlumatlar hazırlanacaq. Çünki müəyyən şəxslər var ki, hələ xəstəxanalardadır. Bir çox şəxslər isə artıq müvafiq tibbi xidmət alaraq ailələrinin yanına dönüblər, bir sıra sakinlər isə qohumlarının yanındadırlar. Bunlar araşdırılacaq və zərərçəkənlərin sayı bu günün sonuna qədər dəqiqləşdiriləcək". 

Son xəbərlər

Orphus sistemi