Ünvanlı dövlət sosial yardımı üzrə avtomatlaşdırılmış sistemin iki rayonda sınaq işlərinə başlanılıb

Ünvanlı dövlət sosial yardımı üzrə avtomatlaşdırılmış sistemin iki rayonda sınaq işlərinə başlanılıb Arayış və məlumatlar aidiyyəti qurumların informasiya resurslarından elektron qaydada əldə ediləcək
Sosial müdafiə
14 Yanvar , 2016 14:06
Ünvanlı dövlət sosial yardımı üzrə avtomatlaşdırılmış sistemin iki rayonda sınaq işlərinə başlanılıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ünvanlı dövlət sosial yardımı sistemi üzrə yaratdığı Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) Bakının Binəqədi və Yasamal rayonlarında sınaq işlərinə başlanılıb. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bildirib ki, bu sistem vətəndaşlara ünvanlı dövlət sosial yardımın alınması üçün elektron formada müraciət etmək imkanı verir: "Yardımın alınması üçün elektron formada müraciət VEMTAS-da qəbul ediləcək. Vətəndaşların ailələrinin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün lazımi arayış və məlumatlar artıq onlardan tələb olunmayacaq, aidiyyəti qurumların informasiya resurslarından elektron qaydada əldə ediləcək".

Xidmət rəisi vurğulayıb ki, sınaq işlərinə başlanılması ilə əlaqədar Binəqədi və Yasamal rayon Əhalinin Sosial Müdafiəsi mərkəzlərində həmin rayonların sakinlərinə ünvanlı yardım almaq üçün elektron formada müraciət edilməsində ilkin texniki köməkliyin göstərilməsi üçün yardım masaları da fəaliyyət göstərir: "Hər bir yardım masasında bu elektron xidmətdən yararlanmaq üçün iki kompüter avadanlığı quraşdırılıb. Kompüterlərdən biri sərbəstdir və vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq məqsədilə özlərinin sərbəst şəkildə elektron müraciət etmələri üçündür. Digər kompüter önündə isə mərkəzlərin əməkdaşları əyləşib və vətəndaşlar özləri bacarmadıqları hallarda onların köməyindən istifadə edirlər".

ƏƏSMN-in İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov isə deyib ki, müvafiq qurumların informasiya resurslarından əldə edilən məlumatlar əsasında ünvanlı sosial yardımı üçün müraciət edən vətəndaşın və ailəsinin gəlirləri, aylıq xərcləri, maddi-məişət şəraiti üzrə ətraflı qiymətləndirmələr aparıldıqdan sonra ailəyə yardımın təyin olunub-olunmaması barədə qərar avtomatik şəraitdə qəbul olunacaq: "Yardımın ödənilməsi məqsədilə həmin şəxsə dair bank hesabının açılması üçün sistem tərəfindən müvafiq banka sifarişin verilməsi də avtomatik şəraitdə həyata keçiriləcək. Qəbul edilən qərar, ünvanlı dövlət sosial yardımının alınması üçün müvafiq bankın ünvanı və bank kartının hansı tarixdə təhvil götürülməli olduğu barədə məlumatlar ailəni təmsil edən şəxsin elektron ünvanına və yaxud ismarıc formasında mobil telefonuna göndəriləcək. Yeni sistem aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımla təminatı sahəsində məmur-vətəndaş ünsiyyətinin aradan qalxmasına, həmin ailələrin bu yardım növü üzrə sürətli, rahat və şəffaf xidmətlərə çıxışına imkan yaradacaq".

Son xəbərlər

Orphus sistemi