Azərbaycanda son bir ildə "Əmək veteranı" adı alanların sayı açıqlanıb

Azərbaycanda son bir ildə "Əmək veteranı" adı alanların sayı açıqlanıb Vəsiqə alanlardan 28-i qadındır
Sosial müdafiə
5 Fevral , 2015 11:40
Azərbaycanda son bir ildə Əmək veteranı adı alanların sayı açıqlanıb

Bakı. 5 fevral. REPORT.AZ/ Son bir ildə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən "Əmək veteranı" adı və vəsiqəsi verilən şəxslərin sayı 112 nəfər təşkil edib ki, onlardan 28 nəfəri qadınlardır. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

"Əmək veteranı" adı və vəsiqəsinin verilməsi Nazirlər Kabinetinin "Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunan Əsasnaməyə uyğun həyata keçirilir. Həmin sənədə əsasən, yaşa görə pensiya hüququ qazanan, orden və medallarla təltif olunan, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlar (kişilər 40 ildən artıq, qadınlar 30 ildən artıq əmək stajı olduqda) "Əmək veteranı" adı və vəsiqəsi almaq hüququna malikdirlər.

Bu ad və vəsiqə onlara işlədikləri müəssisənin yuxarı mərkəzi icra orqanı tərəfindən, təqaüdə çıxan şəxslərə isə sonuncu dəfə işlədikləri müəssisənin yuxarı mərkəzi icra orqanı tərəfindən verilir. Hazırkı və ya sonuncu iş yeri qeyri-dövlət müəssisəsidirsə, yaxud müəssisənin yuxarı mərkəzi icra orqanı yoxdursa, işləyən, yaxud da təqaüdə çıxan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Əmək veteranı" adı və vəsiqəsi ilə təmin edilirlər.

Xatırladaq ki, “Əmək veteranı” adı və vəsiqəsinin verilməsi qaydası, bunun üçün tələb olunan sənədlərin siyahısı ƏƏSMN-nin rəsmi internet saytının (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümündə müvafiq alt-bölmədə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi