SOCAR məcburi köçkünlərə ərzaq yardımı edib

SOCAR məcburi köçkünlərə ərzaq yardımı edib Şirkət onlara 237 tona yaxın ərzaq yardımı aparıb
Sosial müdafiə
29 Dekabr , 2015 16:48
SOCAR məcburi köçkünlərə ərzaq yardımı edib

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu günlərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə məcburi köçkünlərə yardımlar edilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam rayonunda yerləşən “Dördyol 1, 2”, “Təzəkənd” və Yeni İmamqulubəyli qəsəbələrində məskunlaşmış 10 522 nəfər, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4 000 nəfər, Tərtər rayonunda məskunlaşmış 13 000 nəfər, Sumqayıt şəhərində məskunlaşmış 1 700 nəfər məcburi köçkün və şəhid ailəsinə ümumi çəkisi 237 tona yaxın ərzaq yardımı aparılıb.

Bayram sovqatına düyü, şəkər tozu, çay, un, yağ və digər zəruri ərzaq məhsulları daxil edilib: "SOCAR-ın daim diqqət mərkəzində saxladığı sosial yönümlü məsələlərdən biri də hərbi təcavüz nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimizə qayğı göstərilməsidir. Hər il dövlət bayramları ərəfəsində SOCAR təmsilçiləri şirkətin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkir, onlara humanitar yardımlar, bayram sovqatları aparırlar".

SOCAR nümayəndələri məcburi köçkünlərlə görüşərək, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbrik edib, qaçqın və məcburi köçkün ailələrinin tezliklə öz doğma el-obalarına qayıdacaqlarına əmin olduqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi