Səyyar "ASAN xidmət" 3 rayonun sakinlərinə xidmət göstərəcək

Səyyar "ASAN xidmət" 3 rayonun sakinlərinə xidmət göstərəcək Xidmətlərin göstərilməsinə iyunun 1-dən etibarən başlanılacaq
Sosial müdafiə
30 May , 2015 14:43
Səyyar ASAN xidmət 3 rayonun sakinlərinə xidmət göstərəcək

Bakı. 30 may. REPORT.AZ/ Səyyar "ASAN xidmət" iyunun 1-dən etibarən Balakən, Qəbələ, Kürdəmir rayonlarının sakinlərinə xidmət göstərəcək. Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, "ASAN xidmət"in səyyar avtobusları əhaliyə hər rayonda 15 gün müddətində xidmət edəcək.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Qeyd edək ki, Səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Son xəbərlər

Orphus sistemi