Səlim Müslümov: "Yeni iqtisadi siyasətin əsas məqsədi iş yerlərinin açılması prosesinin daimi xarakter almasıdır"

Səlim Müslümov: "Yeni iqtisadi siyasətin əsas məqsədi iş yerlərinin açılması prosesinin daimi xarakter almasıdır" ​Əmək və əhalinin sosial müdafiəsi naziri Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb
Sosial müdafiə
3 Fevral , 2016 16:57
Səlim Müslümov: Yeni iqtisadi siyasətin əsas məqsədi iş yerlərinin açılması prosesinin daimi xarakter almasıdır

Bakı. 3 fevral REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyəti ilə görüş keçirilib. 

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın ötən dövrdə əldə etdiyi sosial-iqtisadi inkişaf dinamikasının davam etdiyini diqqətə çatdırıb. O bildirib ki, dünyada iqtisadi tənəzzül mövcud olduğu halda milli iqtisadiyyatın nəinki dayanıqlığı, hətta ötən il 1,1 faizlik artımı təmin edilib: "Xüsusən uğurlu iqtisadi difersifikasiya proseslərinin müsbət davamı kimi, qeyri-neft sənayesi 8,4 faiz artıb və hazırda onun ölkənin ümumdaxili məhsulunda payı 70 faizə çatıb. Həmçinin keçən il bu sektor üzrə büdcə daxilolmaları 9,5 faiz çoxalıb, qeyri-neft məhsulları ixracında isə 3,6 faiz artım özünü göstərib".

S.Müslümov bildirib ki, yeni iqtisadi siyasətin də məqsədi indiki dövrdə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi və yeni iş yerlərinin açılması prosesinin daimi xarakter alması, habelə islahatlar prosesində əhalinin güclü və inkluziv əsaslara söykənən sosial təminat sistemi ilə əhatə olunmasıdır: "Azərbaycan hökuməti ilə AİB arasında artıq uzun müddətdir ki, uğurla davam edən əməkdaşlıq da məhz qeyri-neft sahələrini əhatə edir və ölkədə sosial infrastrukturun inkişafına öz töhfələrini verir. Təşkilatın təsdiq etdiyi 2014-2018-ci illər üzrə "Ölkə partnyorluq strategiyası" da əməkdaşlıq müstəvisində ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinin, özəl sektorun inkişafının, habelə əhalinin aztəminatlı təbəqəsi ilə bağlı tədbirlərin, sosial müdafiə sistemində inkluziv yanaşmaların tətbiqinin dəstəklənməsi baxımından əhəmiyyət kəsb edir".

Azərbaycanda əmək və sosial müdafiə sahələrində aparılan islahatlar barədə məlumat verən S.Müslümov AİB-lə bu sahələrdə əməkdaşlığın genişləndirilməsinin məqsədəuyğun olduğunu bildirib. AİB-in nümayəndə heyətinin rəhbəri Giovanni Capannelli Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində icra olunan layihələrdən, onların müsbət nəticələrindən bəhs edib. O, Azərbaycanda əmək və sosial müdafiə sahəsində həyata keçirilən islahatlara da dəstək verməyə hazır olduqlarını bildirib.

Görüşdə makroiqtisadi sabitliyin saxlanılması şəraitində inkluziv sosial inkişafın təmin olunması, bu sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi