​Səlim Müslümov Naxçıvana gedib

​Səlim Müslümov Naxçıvana gedib Nazir Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla da görüşüb
Sosial müdafiə
13 Fevral , 2015 11:14
​Səlim Müslümov Naxçıvana gedib

Bakı. 13 fevral. REPORT.AZ/ Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Naxçıvan Muxtar Respublikasında olub və Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Ali Məclisin sədri Vasib Talıbov əmək və əhalinin sosial müdafiəsi sahəsində Azərbaycanda aparılan islahatların Naxçıvan MR-də də yüksək səviyyədə həyata keçirildiyini vurğulayıb: "MR-də bütün işçilərlə işəgötürənlər arasında əmək münasibətlərinin tam rəsmiləşdirilməsinə, bütün iş yerlərində, o cümlədən özəl müəssisələrdə işçi hüquqlarının təminatına, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına, əməyin təşkili və təhlükəsizlik qaydalarına əməl olunmasına dövlət nəzarətinin təmin edilməsi diqqətdə saxlanılır. Muxtar respublikada əhalinin səmərəli məşğulluğunun inkişafına yönələn tədbirlər davam etdirilir, işçi qüvvəsinin iqtisadiyyatın inkişafına, əmək bazarının tələblərinə uyğun keyfiyyətcə yüksəldilməsi, həmçinin sosial cəhətdən həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi üçün məqsədyönlü işlər aparılır".

S.Müslümov isə qeyd edib ki, muxtar respublikada iqtisadi və sosial əhəmiyyətli mühüm infrastruktur layihələrinin icrası, davamlı müasirləşmə, əksər ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsi, ixrac potensialının genişlənməsi, sosial rifah halının daim yüksəlməsi, əhali sakinliyi və demoqrafik proseslərdə müsbət meyllərə malik olması onun mühüm inkişaf göstəriciləridir. Ümumən Azərbaycanın özünəməxsus inkişaf modelinə uyğun olaraq, Naxçıvan MR-də də mühüm iqtisadi nailiyyətlər eyni zamanda güclü sosial siyasətlə, əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi ilə müşahidə olunur: “Xüsusilə qeyd edilməlidir ki, bu gün Naxçıvan MR bütün sahələrdə, eyni zamanda əmək və sosial müdafiə sahəsində mütərəqqi islahatların uğurla həyata keçirildiyi bir məkan kimi də diqqəti cəlb edir”. Nazir son illərdə ölkədə əmək münasibətlərinin elktron müstəvidə şəffaflaşdırılması, sosial təminat və tibbi-sosial təminat sisteminin avtomatlaşdırılması sahəsində aparılan islahatların bu sahələrdə əhaliyə şəffaf və müasir iş mexanizmləri üzərində keyfiyyətli xidmətlər göstərilməsinə yönəldiyini bildirib.

Görüşdə Naxçıvan MR-də əmək və sosial müdafiə sahələrində görülən işlərə, aparılan islahatlara dair fikir mübadiləsi aparılıb.

Daha sonra S.Müslümov Naxçıvan MR-ə səfəri çərçivəsində Məhdud Fiziki İmkanlı İnsanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub. 

Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də olan S.Müslümov nazirliyin fəaliyyəti, iş şəraiti ilə yaxından tanış olub. Nazirlik tərəfindən sosial müdafiə sisteminin təkmilləşdirilməsi, iş sahələrində şəffaflığın təmin olunması, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi, əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyatdan keçirilməsi və digər sahələrdə görülən işlər müzakirə edilib.   

Son xəbərlər

Orphus sistemi