Səlim Müslümov Ağsu rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Səlim Müslümov Ağsu rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb "Vakant iş yerlərinin yaradılması, həmçinin haqqı ödənilən ictimai işlərin təşkil olunması üçün işlər həyata keçirilməkdədir"
Sosial müdafiə
30 Yanvar , 2016 14:49
Səlim Müslümov Ağsu rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Bakı. 30 yanvar. REPORT.AZ/ Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağsu rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Görüşdə S.Müslümov rayon ictimaiyyətinin nümayəndələrinin əmək hüquqlarının qorunması, xüsusilə məşğulluğun təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı rəy və təkliflərini də dinləyib, onların həmin sahələrlə bağlı müraciətlərini cavablandırıb.

S.Müslümov bildirib ki, son 12 ildə əhalinin gəlirləri 7 dəfə, adambaşına gəlirlər 6 dəfə artıb: "2003-cü illə müqayisədə işçilərə əmək ödənişlərinin ümumi məbləği 2015-ci ilin əvvəlinə olan məlumata əsasən, 6,6 dəfədən çox artıb. Orta aylıq əmək haqqı 5,6 dəfədən çox, ötən ilin 11 ayında isə 4,5 faiz artaraq 462 manata çatıb”

Nazir bildirib ki, ötən il ərzində orta hesabla 112663 ailəyə (492337 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ödənilib və bu yardımların bir ailəyə düşən orta aylıq məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1% artaraq 152,6 manata çatıb.

Nazir vurğulayıb ki, bu ayın ikinci yarısı ərzində Prezident İlham Əliyev tərəfindən yalnız əhalinin sosial müdafiəsi ilə bağlı 23 fərman və sərəncamın imzalanması indiki şəraitdə əhalinin sosial rifah halının yüksəldilməsinin dövlət başçısının ən çox diqqət yetirdiyi məsələlərdən biri olduğunu göstərir.

O qeyd edib ki, işsiz və işaxtaran şəxslərin işlə təmin olunması üçün artıq iri işəgötürənlərlə birgə tədbirlər görülməsinə başlanılıb: "Vakant iş yerlərinin yaradılması, həmçinin haqqı ödənilən ictimai işlərin təşkil olunması üçün işlər həyata keçirilməkdədir. Bundan başqa, bütün bölgələr üzrə əmək yarmarkaları təşkil olunacaq”.

S.Müslümov dövlət başçısının tapşırığına uyğun olaraq, ölkənin 2016-2025-ci illər üzrə Məşğulluq Konsepsiyası layihəsinin hazırlanmasına başlandığını bildirib.

Son xəbərlər

Orphus sistemi