Azərbaycanda qadınların rastlaşdığı ən böyük problemlər açıqlanıb

Azərbaycanda qadınların rastlaşdığı ən böyük problemlər açıqlanıb Hadi Rəcəbli: "Problemlərin həlli üçün hər bir dövlət qurumu öz üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməlidir"
Sosial müdafiə
9 Mart , 2015 11:57
Azərbaycanda qadınların rastlaşdığı ən böyük problemlər açıqlanıb

Bakı. 9 mart. REPORT.AZ/ "Azərbaycan hökuməti gender bərabərliyinin təmin edilməsi üçün bütün lazımi addımları atır. Lakin təəssüflə qeyd etməliyik ki, problemlər hələ də qalır". "Report" xəbər verir ki, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Azərbaycan" qəzetindəki məqaləsində deyib.

Komitə sədrinin sözlərinə görə, ən ciddi problemlərdən biri qızların təhsildən yayınmaları və erkən nikah məsələsidir: "Bu, onların orta təhsili bitirməsinə və ali təhsil almasına, həmçinin də müvafiq işlə təmin edilməsinə maneə yaradır".

Azərbaycan hökumətinin qadınların sağlamlığının mühafizəsi məsələsinə prioritet sahə kimi diqqət yetirdiyini deyən H.Rəcəbli bildirib ki, dövlət nəinki qadınlar üçün səhiyyə xidmətlərindən istifadə etməyə bərabər hüquqları təmin edir, həm də qadınların sağlamlıqla bağlı ehtiyaclarına da xüsusi diqqət yetirir: "Lakin qadınlar arasında daha çox reproduktiv sağlamlıq, abort, qanazlığı, hamilə və süd verən qadınların düzgün qidalanmaması ilə bağlı problemlər yaşanır. Hesab edirik ki, bütün bu problemlərin həlli üçün hər bir dövlət qurumu öz üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməli, xüsusən maarifləndirmə tədbirlərinin keyfiyyəti yüksəldilməlidir. Əminik ki, həyata keçirilən uğurlu dövlət siyasəti qadınların cəmiyyətdəki yeri və rolu ilə bağlı bütün köhnəlmiş stereotipləri tezliklə tamamilə aradan qaldıracaq".

O, həmçinin əlavə edib ki, bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqın mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir: "Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikada bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Bu, daimi və dönməz səciyyə daşımaqla bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək".

Son xəbərlər

Orphus sistemi