Oxucular üçün sensasiya, yoxsa qorunmalı qayda və dəyərlər?

Oxucular üçün sensasiya, yoxsa qorunmalı qayda və dəyərlər? Azərbaycan ailələrində baş verənlər çox vaxt üçüncü tərəflər üçün maraqlı olub. Bu məsələlərə yersiz müdaxilə, münasibət bildirmək bəzi insanlar üçün adi hala çevrilib.
Sosial müdafiə
22 İyun , 2023 11:24
Oxucular üçün sensasiya, yoxsa qorunmalı qayda və dəyərlər?

Azərbaycan ailələrində baş verənlər çox vaxt üçüncü tərəflər üçün maraqlı olub. Bu məsələlərə yersiz müdaxilə, münasibət bildirmək bəzi insanlar üçün adi hala çevrilib.

Məsələn, yol-nəqliyyat və ya cinayət hadisəsinin iştirakçısının qadın olduğu halda bu, xüsusi diqqət çəkir. Bu diqqət bir çox hallarda sadə vətəndaşdan tutmuş, sosial şəbəkələr və media üçün də keçərlidir.

Bəzi media orqanlarında və ya sosial mediada hadisənin təfərrüatı detallı verilir. Təəssüf ki, bu da eyni şeyləri yaşayan insanlar üçün “çıxış yolu” ola bilir. Məsələn, ən çox rast gəldiyimiz başlıqlardan bir neçəsini sadalayaq. “Ər arvadını xəyanətə görə öldürdü”, “Qardaş bacısını və sevgilisini bıçaqladı”, "Oğul namus üstündə anasının başını kəsdi" və s. Bu hadisələr kontekstdən çıxarılaraq cinayətin özü deyil, baş vermə səbəbi qabardılır və hər şey detallı işıqlandırılır. Nəticədə qadın ölümlərinin, ailə münaqişələrinin sayı azalmaq əvəzinə artır.

Bəs bu cür məsələlər mediada necə işıqlandırılmalıdır?

“Report” mövzu ilə əlaqədar bir neçə mütəxəssisin fikirlərini öyrənib.

Hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, ailə, qadın, uşaq məsələləri ilə bağlı spesifik olaraq mediada birbaşa tələb yoxdur:

“Amma ayrı-ayrı komponentlər üzrə tələblər mövcuddur. Həm hüquqi, həm etik tələblər baxımdan ailə, qadın, uşaq məsələləri birmənalı olaraq özəl həyatla bağlıdır. Şəxsi həyatın qorunması ilə bağlı Cinayət Məcəlləsində 155 -156-cı maddələri şəxsi yazışma sirrinin qorunması və şəxsi həyata müdaxiləyə yol verilməsi məsuliyyəti yaradır. Həmçinin Konstitusiyanın 32-ci maddəsi şəxsi həyata qanunsuz müdaxiləni qadağan edir. İkinci önəmli hüquqi məsələ uşaqlarla bağlı qanunvericiliyin tələbidir. Uşaqlar azyaşlı olduğu üçün onların valideynlərinin icazəsi olmadan barələrində hər hansı bir reportajın hazırlanması, informasiyanın verilməsi qanunla qadağandır. Üçüncü önəmli məqam odur ki, ümumiyyətlə, azyaşlılar zərərçəkənlərin və ya zərərverən olduğu zaman onların identifikasiya olunması, şəxsiyyətlərinin açıqlanması yolverilməzdir”.

Şəxs zorakılıq əlamətlərini göstərsə belə, media onu identifikasiya etməyəcək şəkildə yaymalıdır

Ə.Məmmədli ictimai əhəmiyyət daşımayan məlumatlar paylaşılan zaman şəxsin kimliyinin, şəxsi həyatının deşifrə olunmasının yolverilməz olduğunu vurğulayıb:

“Ailə münasibətlərində bəzən məişət zorakılığı da ön plana çıxır. Məişət zorakılığı zamanı jurnalistlər və media olaraq bilməliyik ki, bəzən zorakılığa məruz qalan şəxs çarəsizliyindən bütün hadisəni ictimailəşdirir. Təbii ki, ictimailəşdirərkən üzərindəki zorakılıq izlərini də göstərir. Bunu həm də ona görə edir ki, onun şikayətinə baxılmır və yaxud da tələbləri yerinə yetirilmir. Beləliklə, bir ictimai dəstək istəyir. Burada media xüsusilə diqqət etməlidir. Şəxs zorakılıq əlamətlərini göstərsə belə, media onu identifikasiya etməyəcək şəkildə yaymalıdır”.

Ə.Məmmədli hesab edir ki, media hadisəni ictimailəşdirməyə dəstək verə bilər, amma yenə də o şəxsin gözlərini blur etmək, bağlamaq, yaxud da adını, soyadını şərtiləşdirmək lazımdır:

“Beləliklə, gələcəkdə o şəxsin adı, soyadı yazıldığı zaman internetdəki görüntülər onun sonrakı həyatına mane olmayacaq şəkildə olmalıdır. Bu da peşəkarlığın çox daha incə alt təbəqələrindəndir. Bir sözlə, ictimai əhəmiyyət daşıyan informasiyaları gündəmə daşımaq, özəl həyata hörmət etmək və ictimai əhəmiyyət daşımadığı müddətcə onların ictimailəşməsi üçün cəhd etməmək və xüsusilə də azyaşlıları və zərərçəkənləri ikiqat qorumağa çalışmaq lazımdır”.

Jurnalist uşaqların həssaslığından, onların məsumluğundan sui-istifadə etməməlidir

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli isə qeyd edib ki, uşaqların, yetkinlik yaşına çatmayan şəxslərin həm zərərli informasiyalardan qorunması, həm də onlarla bağlı hadisələrin işıqlandırılması zamanı həssas yanaşma, davranış tələb olunur:

“Bu məsələlər həm media qanunvericiliyində, həm jurnalistlərin etik kodeksində, həm də müxtəlif beynəlxalq jurnalist təşkilatları tərəfindən hazırlanmış təlimatlarda öz əksini tapıb. Bu təlimatlarda və kodeksdə göstərilir ki, yetkinlik yaşına çatmayan şəxslər haqqında material hazırlayan jurnalist uşaqların həssaslığından, onların məsumluğundan sui-istifadə etməməlidir. Hazırladığı materialın bu şəxslərə ziyan gətirməsinin qarşısını almalıdır. Cinayət törətmiş və ya cinayət qurbanı olmuş uşaqlar haqqında isə xüsusi təlimatlara əməl etməlidir”.

Onun sözlərinə görə, bu təlimatlarda göstərilir ki, yetkinlik yaşına çatmayan şəxslər cinayət törədibsə və yaxud da ki, törədilmiş cinayətin qurbanı olubsa və zərurət yoxdursa, orada uşaqların adları, şəkilləri, ünvanları və s. göstərilməməlidir:

“Eyni zamanda uşaqlara zərər gətirəcək hallara yol verilməməlidir. Cinayət qurbanı olmuş uşaqların şəkillərinin, adlarının və ünvanlarının verilməsinə o zaman icazə verilir ki, bu informasiyaların verilməsi zərurətə çevrilsin. Tutaq ki, itkin düşmüş bir uşaq axtarılırsa, onun şəklini, adını vermək lazım olur. Çünki bu, uşağın axtarılmasına və tapılmasına yardım göstərir”.

Qanunvericilikdə, kodeksdə və təlimatlarda dövrü olaraq yenilənmələrin aparılmasına ehtiyac var

Media eksperti sosial media platformalarında uşaqlarla bağlı informasiyalar yayılarkən, xüsusi şəkildə bu şərtlərin pozulduğuna şahid olduğunu təəssüflə qeyd edib:

“Ona görə də hesab edirik ki, uşaqlarla bağlı materialların hazırlanması, yayılması barədə təlimatlar kodekslər və qanunvericilikdə mütləq şəkildə dövri olaraq təkmilləşdirmə aparılmalıdır və rəqəmsal dövrün tələbləri də bura daxil edilməlidir. Əks təqdirdə bir neçə həftə bundan əvvəl yetkinlik yaşına çatmayan qızın qaçırılması, cinsi istismara məruz qalması və s. kimi hallar təsvir olunarkən onların ad, soyad və şəkillərinin təqdim olunduğunu gördük. Bu cür hallar həmin uşaqların nəinki bu gününə, eyni zamanda gələcəkdə normal həyata adaptasiya olunmalarının da qarşısını alır. Ona görə də bizim qanunvericilikdə, kodeksdə və təlimatlarda dövrü olaraq yenilənmələrin aparılmasına ehtiyac var”.

Hər bir mövzuya “şok, şok, şok” edərək yaxınlaşanda, əlbəttə ki, burada “şok” qalacaq

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə neçə illik təcrübəsinə istinad edərək ailə, qadın, uşaq problemlərinin işıqlandırılmasında medianın olduqca diqqətli olmalı olduğunu xatırladıb:

“Düşünürəm ki, ailələrdəki problemlərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları koordinasiyalı şəkildə fəaliyyət göstərərlərsə, biz bir çox ailəyə kömək olmuş olarıq. Bu koordinasiyada qeyri-hökumət təşkilatlarının rolu danılmazdır. Bu sahədə fəaliyyət göstərən yetərincə QHT-lər də var. Eyni zamanda koalisiya şəklində çalışan qeyri-hökumət təşkilatları var. Onların bazalarından, bacarıqlarından istifadə edərək aidiyyəti qurumlarla birgə bəlkə minlərlə ailənin problemlərinin, o problemlərin çılpaq şəkildə mediaya çıxmasının da qarşısı alınar. Media çox böyük qüvvədir. Biz media və kanallar vasitəsilə sağlam mövzularda çoxlu sayda problemi həll edə bilərik. Amma biz hər bir mövzuya artıq “şok, şok, şok” edərək yaxınlaşanda, əlbəttə ki, burada “şok” qalacaq. Amma o hadisənin şokunu ailə və ya qurban yaşayacaq. Düşünürəm ki, bu ailələrə aidiyyəti qurumlar, QHT-lər və media bir araya gələrək çox böyük dəstək etmiş olarıq”.

Travmalar intihara qədər gedib çıxa bilər

Psixoloq İlhamə Mustafayeva isə mediada ailə, qadın, uşaq məsələlərinin paylaşılmasının həm müsbət, həm də mənfi tərəflərindən bəhs edib:

“Biz kiminsə tənqidinə, ailəmiz, övladımız haqqında düşüncələrinə çox önəm verən və psixoloji cəhətdən sarsılan bir millətik. Yaxşı olardı ki, bu cür problemləri müvafiq orqanlar həll etsinlər. Həmin qurumlar problemlərlə bağlı əlçatan olmalıdırlar. Bəzən insanlar problemlərini daha tez həll etmək üçün məcbur olub mediada açıqlayırlar. Digərlərinin ailə həyatlarını çəkib gündəmdə saxlanılmasını da düzgün saymıram. Ailə insanın özəlidir. Psixoloji cəhətdən ailəmizin problemlərinin və uşaqlarımızla bağlı da problemlərimizin mediada yayımlanmasını doğru hesab etmirəm. Çünki uşaqlar bundan travma alırlar. Hansısa bir problemi ilə bağlı mediada gündəmə gətirilən uşaq cəmiyyətə çıxır, məktəbə gedir. O, artıq tanınmış olur, onu hər kəs barmaqla göstərir və sair. Yəni bu uşağın keçirdiyi psixoloji durumu nəzərə alsaq, bu travmalar intihara qədər gedib çıxa bilər. Çünki hər kəsin psixologiyası individualdır, özünəməxsusdur".

İ.Mustafayeva düşünür ki, işıqlandırılmanın müsbət tərəfi digər insanların bundan dərs çıxarması, eyni səhvləri etməməsi, maarifləndirmə baxımından zəruridir:

“Məsələn, qızların erkən yaşda ailə qurması, boşanmanın səbəbləri ilə bağlı məlumatlar, zərərli vərdişlərin qurbanı olmuş insanların acı təcrübəsi bir çox insanlar üçün xəbərdarlıq ola bilər. Lakin bu məlumatlar mütləq konfidensial olmalıdır. Şəxsi məlumatlarının açıq-aşkar şəkildə paylaşılması həmin insanların həyatı üçün zərərli ola bilər. Bu məlumatlar anonim şəkildə, maariflənmə məqsədilə paylaşılmalı və kiminsə “əyləncəsinə” çevrilməməlidir".

Son xəbərlər

Orphus sistemi