​Ombudsman Aparatı: Bayram Məmmədov və Qiyas İbrahimovun bədənində hər hansı xəsarət aşkar olunmayıb

​Ombudsman Aparatı: Bayram Məmmədov və Qiyas İbrahimovun bədənində hər hansı xəsarət aşkar olunmayıb Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri gənclərə baş çəkib
Sosial müdafiə
19 May , 2016 11:13
​Ombudsman Aparatı: Bayram Məmmədov və Qiyas İbrahimovun bədənində hər hansı xəsarət aşkar olunmayıb

Bakı. 19 may. REPORT.AZ/ Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən baş çəkiblər.

Ombudsman Aparatının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, habelə daxil olan müraciətlərin araşdırılması, təqsirləndirilən şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı MPQ üzvləri tərəfindən həmin müəssisədə saxlanılan təqsirləndirilən şəxslər Bayram Məmmədov və Qiyas İbrahimov təkbətək qəbul edilib.

MPQ-nin həkim üzvünün iştirakı ilə həmin şəxslərin bədəninə baxış keçirilib və hər hansı xəsarət aşkar olunmayıb.

Məlumata görə, onların saxlanılmalarının qanuniliyini təsdiq edən sənədlərə, tibbi kitabçalarına baxış keçirilib. Baxış zamanı müəyyən edilib ki, həmin şəxslər Bakı İstintaq Təcridxanasına gətirildikləri zaman ilkin tibbi müayinədən keçiriliblər və müayinə zamanı onların bədən səthində xəsarət izi aşkar edilməyib.

B.Məmmədov və Q.İbrahimov bu müəssisədə saxlanılma şəraitindən və rəftardan razı olduqlarını, ailə üzvləri ilə maneəsiz telefon əlaqəsi yaratdıqlarını, sovqat qəbul etdiklərini, vəkillə görüşdüklərini bildiriblər.

Başçəkmə çərçivəsində başqa şəxslər də qəbul edilib və onlar hər hansı bir narazılıqlarını bildirməyiblər. Qəbul zamanı onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hüquqi məsləhətlər verilib. Başçəkmənin nəticəsi ilə bağlı Baş Prokurorluğa məlumat verilib.

Son xəbərlər

Orphus sistemi