Ombudsman Aparatının nümayəndələri Şəki Penitensiar Kompleksinə baxış keçiriblər

Ombudsman Aparatının nümayəndələri Şəki Penitensiar Kompleksinə baxış keçiriblər Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq
Sosial müdafiə
11 Avqust , 2015 12:58
Ombudsman Aparatının nümayəndələri Şəki Penitensiar Kompleksinə baxış keçiriblər

Bakı. 11 avqust. REPORT.AZ/ Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Kompleksinə əvvəlcədən xəbərdarlıq etmədən planlı baxış keçiriblər. Bu barədə "Report"a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məqsəd daxil olan müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin və məhkumların hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı MPQ üzvləri kompleks daxilində müxtəlif obyektlərdə 50-dən çox saxlanılan şəxsi fərdi qaydada dinləyib, habelə bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilib, söhbətlər aparılıb və bəzi müraciətlər yerində araşdırılıb.

Qəbul edilən şəxslər şəraitdən və müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Habelə penitensiar kompleksin yataqxanalarına, yeməkxanasına, tibb-sanitar hissəsinə, cərimə təcridxanasına, görüş yerlərinə və digər obyektlərə baxışlar keçirilib, qidalanma, içməli, isti və soyuq su təminatı, tibbi yardım, gəzinti, görüş, sovqat və telefon danışıqları ilə bağlı sənədləşmə və mövcud vəziyyət araşdırılıb.

Başçəkmə çərçivəsində milli və beynəlxalq qanunvericiliyə, o cümlədən daxili intizam qaydalarına müvafiq şəkildə müəssisə rəhbərliyinə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.

Son xəbərlər

Orphus sistemi