Oktyabr ayında 26 min nəfərə yaxın şəxsə iş yerinə dair elektron arayış verilib

Oktyabr ayında 26 min nəfərə yaxın şəxsə iş yerinə dair elektron arayış verilib ​ “İş yerinə dair arayış” elektron xidməti istifadəyə verildiyi gündən 177 750 nəfər şəxs bu sistemdən istifadə edib
Sosial müdafiə
11 Noyabr , 2015 15:24
Oktyabr ayında 26 min nəfərə yaxın şəxsə iş yerinə dair elektron arayış verilib

Bakı. 11 noyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətindən bu ilin oktyabr ayında faydalananların sayı ilin əvvəli ilə müqayisədə 2,6 dəfə və ya əvvəlki sentyabr ayı ilə müqayisədə 13,7 faiz artaraq 25 986-ya çatıb. Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“İş yerinə dair arayış” elektron xidmətindən istifadə etməklə vətəndaşlar iş yeri haqqında ümumi təyinatlı, yaxud konkret bir quruma təqdim etmək üçün real vaxt rejimində e-arayış əldə edə bilir və bunun üçün artıq işəgötürənə müraciət olunmasına ehtiyac qalmır. “Bununla da vətəndaşların həmin arayışların alınması üçün vaxt itkisinin və çətinlik çəkmələrinin, habelə kağız arayışların verilməsi zamanı müəyyən bürokratik hallara yol verilməsinin qarşısı alınır”, - nazirlikdən bildirilib.

İşəgötürən barədə məlumatları, onun əlaqə nömrəsini, həmçinin işçinin şəxsi məlumatlarını, əmək müqaviləsinin bağlandığı tarixi və s. özündə əks etdirən bu e-arayışlar eyni zamanda təqdim edildikləri təşkilatlar üçün daha məqsədəuyğundur. Belə ki, həmin təşkilatlar qeyd olunan ştrix-kod vasitəsilə “E-hökumət” portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə edərək, bu sənəddə əksini tapan məlumatların, o cümlədən əmək haqqı barədə məlumat əksini tapdığı halda onun düzgünlüyünü yoxlamaq imkanına malikdirlər.

Qeyd edək ki, ötən ilin dekabrında istifadəyə verilən “İş yerinə dair arayış” elektron xidməti ölkəmizdə kağız arayışların elektron arayışlarla əvəzlənməsi prosesinin sürətlənməsinə səbəb olub. Həmin vaxtdan bəri əhali bu e-xidmətdən ümumilikdə 177 750 dəfə faydalanıb.

Son xəbərlər

Orphus sistemi