Nazirlik 65 nəfər insan alveri qurbanına yardım göstərib

Nazirlik 65 nəfər insan alveri qurbanına yardım göstərib Ümumilikdə 20 nəfərə hüquqi, 36 nəfərə psixoloji, 6 nəfərə tibbi yardım göstərilməsi üçün aidiyyəti işlər aparılıb
Sosial müdafiə
11 Avqust , 2016 14:37
Nazirlik 65 nəfər insan alveri qurbanına yardım göstərib

Bakı. 11 avqust. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi cari ildə ümumilikdə 65 nəfər şəxsə müvafiq yardımlar göstərib.

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Məlumata görə, onlardan 50 nəfərini Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş insan alveri qurbanları, 15 nəfərini isə ixtisaslaşmış QHT-lər tərəfindən istiqamətləndirilən, insan alverinin qurbanına çevrilmək riski ilə üzləşən şəxslər (potensial insan alveri qurbanları) təşkil edib.

Həmin insanların bir çoxu ehtiyaclarına uyğun olaraq eyni vaxtda bir neçə yardım növü ilə təmin ediliblər. Ümumilikdə 20 nəfərə hüquqi, 36 nəfərə psixoloji, 6 nəfərə tibbi yardım göstərilməsi üçün aidiyyəti işlər aparılıb. Həmçinin mərkəzin müraciəti əsasında 17 nəfərin məşğulluğunun təmin edilməsi, 3 nəfərin peşə hazırlığına cəlb olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən müvafiq tədbirlər görülüb. Hazırda həm insan alveri qurbanları, həm də potensial insan alveri qurbanlarının bir qismi ilə işlər davam etdirilir.

Eyni zamanda mərkəz cari ilin ötən dövründə respublikanın regionlarında yerləşən peşə məktəbi və liseylərdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbirlər keçirib. Bu tədbirlər son günlərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsində davam etdirilib. Mərkəzin əməkdaşları müəssisədə cəza müddəti başa çatmaqda olan qadınlara insan alveri anlayışı, onun növləri, insan alveri ilə mübarizə formaları, insanların hansı hallarda insan alveri qurbanına çevrilmək riski ilə üzləşdikləri və belə hallardan qorunmaq yolları, həmçinin uşaq və qadınlar üçün fəaliyyət göstərən sığınacaqlar barədə məlumatlar veriblər. Onlara bukletlər və kitabçalar, müvafiq mövzuda sosial çarxın əks olunduğu disklər təqdim olunub, aidiyyəti mövzuda sualları cavablandırılıb.

Qeyd edək ki, maarifləndirmə tədbirləri Prezidentin 2014-cü ilin iyulun 24-ü tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən həyata keçirilir. Qeyd olunan tədbirlərin bu həftə respublikanın ayrı-ayrı rayonlarında gənclər arasında davam etdirilməsi planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi