Nazirlik 50 nəfər əlili istirahət mərkəzinə yola salıb

Nazirlik 50 nəfər əlili istirahət mərkəzinə yola salıb İndiyədək 350 nəfər əlilliyi olan şəxslərin Azərbaycanın səfalı güşələrinə istirahətə göndərilməsi təmin olunub
Sosial müdafiə
19 May , 2015 10:08
Nazirlik 50 nəfər əlili istirahət mərkəzinə yola salıb

Bakı. 19 may. REPORT.AZ  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 50 nəfər əlilliyi olan şəxsi Şəki rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə istirahətə yola salıb. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, ƏƏSMN-in müvafiq əmri ilə təsdiqlənmiş “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası proqramı” əsasında həyata keçirilən bu tədbir yaz-yay mövsümündə əlilliyi olan şəxslərin asudə vaxtının təşkilinə xidmət edir. İstirahət mərkəzində xüsusi proqram çərçivəsində müxtəlif növ idman yarışları, ətraf rayonlara gəzinti turları, tarixi yerlərlə tanışlıq, musiqili-əyləncəli tədbirlər və s. təşkil olunur. Eyni zamanda əlilliyi olan şəxslər istirahət müddəti ərzində tibbi və fizioterapevtik prosedurlara cəlb edilirlər.

Bu ilin aprel-may aylarında 350 nəfər əlilliyi olan şəxslərin Azərbaycanın səfalı güşələrinə istirahətə göndərilməsi təmin olunub. Onlardan 210 nəfəri Lənkəran rayonunda, 140 nəfəri isə Şəki rayonunda yerləşən istirahət mərkəzlərinə göndərilib. Ümumilikdə, cari ildə 1000 nəfərdən artıq bu təbəqədən olan vətəndaşın dövlət tərəfindən istirahətinin təşkili nəzərdə tutulub.

Əlilliyi olan şəxslər istirahət və sağlamlıq mərkəzlərinə xüsusi nəqliyyat vasitəsi ilə aparılıb gətirilirlər.

Son xəbərlər

Orphus sistemi