Milli Məclisin komitə sədri: "Zorakılığa məruz qalmış qadın gedib kişi polisə dərdini deyə bilmir"

Milli Məclisin komitə sədri: "Zorakılığa məruz qalmış qadın gedib kişi polisə dərdini deyə bilmir" ​"Məişət zorakılığı insan alverinə şərait yaradan sosial problemlərdən biri kimi" mövzusunda konfrans keçirilib
Sosial müdafiə
18 May , 2016 17:44
Milli Məclisin komitə sədri: Zorakılığa məruz qalmış qadın gedib kişi polisə dərdini deyə bilmir

Bakı. 18 may. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi ilə birgə “Məişət zorakılığı insan alverinə şərait yaradan sosial problemlərdən biri kimi” mövzusunda konfrans keçirib.

"Report" xəbər verir ki, "Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində təşkil olunan tədbirdə Milli Məclisin, Baş Prokurorluğun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə nazirliklərinin və İnsan hüquqları üzrə Müvəkkilin (Ombudsman) nümayəndələri, eyni zamanda Bakı şəhər rayonlarının, Abşeron rayonunun və Sumqayıt şəhərinin monitorinq qruplarının sədrləri iştirak ediblər. 

Konfransda məişət zorakılığı ilə bağlı Azərbaycandakı vəziyyət, bununla bağlı qanunların həyata keçirilməsində olan boşluqlar, qurumlararası əlaqələndirmənin həyata keçirilməsi kimi məsələlər, birgə Tədbirlər Planının (2016-2018-ci illər üzrə) layihəsi müzakirə edilib.

Daxili işlər nazirinin müavini Oruc Zalov bildirib ki, Azərbaycanda hər 100 min nəfərə düşən cinayətlərin sayı 255-dir. Bu isə istər Avropa, istər postsovet məkanındakı ölkələrlə müqayisədə olduqca yaxşı göstəricidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, məişət zorakılığına qarşı güclü qanunvericilik bazasının mövcud olmasına baxmayaraq, əhalinin maarifləndirilməsi sahəsində problemlər var: "Bu əsasən də regionlarda müşahidə olunur. Erkən nikahların azalması üçün qarşılıqlı surətdə ciddi işləməliyik. Ona görə də, icra hakimiyyəti, hüquq-mühafizə orqanları, təhsil müəssisələri, bələdiyyələr, qeyri-hökumət təşkilatları ilə birgə bu prosesi daha da gücləndirməliyik. Burada bir əsas məsələni, adi vətəndaşların, xüsusilə KİV nümayəndələrinin hadisəyə münasibətini vurğulamaq istərdim".

H.Hüseynova qeyd edib ki, problemin qarşısının alınması üçün güclü qanunvericilik, dövlət dəstəyi ilə yanaşı, cəmiyyətin də müqaviməti olmalıdı: "Xüsusilə vətəndaş cəmiyyəti zorakılıq hallarına adekvat reaksiya verməlidir, yalnız birgə səylərlə əməli nəticələr əldə etmək mümkündür".

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, polis şöbələrində kişilərlə birgə ailədaxili məsələlərlə məşğul olan qadınlar da çalışmalıdır: "Zorakılığa məruz qalmış qadın gedib kişi polisə dərdini deyə bilmir".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimovanın sözlərinə görə, Azərbaycanda məişət zorakılığı barədə dəqiq statistika aparmaq olmur: "Bəzi hadisələr gizli qalır. Çünki qadınlar çox zaman zorakılıqla bağlı aiddiyyatı qurumlara müraciət etmir".

Konfransda təhsil nazirinin müavini Firudin Qurbanov, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Cavanşir Məmmədov, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini Zahir Əlizadə, Fövqəladə Hallar Nazirliyi Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin baş zabiti, tibb xidməti kapitanı Xanım Sofiyeva, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Nurəli Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova və digər rəsmi şəxslər çıxış ediblər.

Tədbirdə eyni zamanda "Məişət zorakılığının qarşısının alınması sahəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Baş Prokurorluq, Daxili İşlər,  Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil və Səhiyyə nazirliklərinin birgə Tədbirlər Planı" layihəsinin təqdimatı keçirilib və mövzu ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi