Milli Məclisin komitə sədri: "Hələ də Azərbaycana GMO məhsulları gətirilir"

Milli Məclisin komitə sədri: "Hələ də Azərbaycana GMO məhsulları gətirilir" "GMO məhsulların hüquqi tənzimlənməsi və risklərin qiymətləndirilməsi" mövzusunda beynəlxalq seminar keçirilib
Sosial müdafiə
27 Aprel , 2015 10:17
Milli Məclisin komitə sədri: Hələ də Azərbaycana GMO məhsulları gətirilir

Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün Bakıda Avropa İttifaqının TAİEX proqramı çərçivəsində "Genetik modifikasiya olunmuş məhsulların (GMO) hüquqi tənzimlənməsi və risklərin qiymətləndirilməsi" mövzusunda beynəlxalq seminar keçirilib. "Report"un xəbərinə görə, çıxış edən AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, deputat Aytən Mustafayeva bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda GMO məhsulları sahəsində hüquqi bazanın təkmilləşdirilməsi və ölkə qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması, ərzaq təhlükəsizliyinin və əhalinin sağlamlığının gücləndirilməsi istiqamətində təkliflərin verilməsidir.

O, Azərbaycanda GMO məhsullarının idxalı, istehsalı və dövriyyəsinin qadağan edilməsi məsələlərinə də toxunub, bununla bağlı son dövrlərdə Milli Məclisdə İnzibati Xətalar və Cinayət məcəllələrinə yeni maddələrin əlavə olunmasının ciddi müzakirə edildiyini bildirib.

"ABŞ və Avropa İttifaqı arasındakı danışıqlar zamanı GMO məhsullarına qapıları açma meyilləri ortaya çıxıb ki, vətəndaşlar da buna qarşıdır. Hətta Azərbaycan xalqının sağlamlığının qorunması üçün bu kimi məsələlər ətrafında ciddi mübarizə üsulu olmalıdır. Bunun yeganə çıxış yolu ilk növbədə əhalinin maarifləndirilməsi və qanunvericiliyə dəyişikliklərin edilməsidir".

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov çıxışında bildirib ki, GMO məhsulları insan sağlamlığına birbaşa təsir edir: "Bu problem tək Azərbaycanda deyil, eləcə də bütün dünyada müşahidə olunur. GMO məhsullarının məhsuldarlığı çox olur və uzun müddət öz görünüşünü saxlaya bilir. Bu kimi məhsulları aclıqdan əziyyət çəkən ölkələr üçün sata bilərlər. Lakin həmin məhsullar gərək insan sağlamlığı üçün heç bir təhlükə yaratmasın. Dünya bazarı bu gün onu tələb edir ki, yüksək standartlara cavab verən və sağlamlıq üçün təhlükə yaratmayan məhsullar yaradılmalıdır".

O, həmçinin qeyd edib ki, ölkə prezidentinin imzası ilə parlamentə vacib əhəmiyyətli qanunlar daxil olur: "Qanunlara əlavə edilən yeni maddələrə əsasən cinayət işinin qaldırılması və cərimələrin sərtləşdirilməsi nəzərdə tutulub. Misal olaraq, "Toxumçuluq haqqında" qanuna əlavə olunan 27-ci maddədə GMO məhsullarının Azərbaycana idxalına icazə verilmir. Lakin görünən odur ki, tələb hələ də yerinə yetirilmir. Çünki hələ də bu kimi məhsullar ölkəyə gətirilir".

Avropalı ekspert Roberta Onori geni dəyişdirilmiş qida məhsulları və yemin müəyyən olunması, eləcə də etiketlənməsi üzrə Avropa İttifaqının qaydaları, həm də Avropa İttifaqının GMO üzrə risklərin qiymətləndirilməsi üsullarından danışıb.

Qeyd edək ki, Avropa İttifaqı və AMEA-nın İnsan Hüquqları üzrə Elmi-tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə keçirilən seminar iki gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi