Bakı. 8 may. REPORT.AZ/ Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarla Cinayət Məcəlləsinin 188-ci və İnzibati Xətalar Məcəlləsinin 70-ci maddələrinin bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hüquqi müəyyənlik və mütənasiblik prinsipləri baxımından təkmilləşdirilməsi Milli Məclisinə tövsiyə edilib.
Cinayət və inzibati xətalar qanunvericiliklərinin müvafiq normalarının təkmilləşdirilməsi həyata keçirilənədək, hüquqtətbiqedici orqanlar meşə fondu torpaqlarına qarşı yönələn hüquqazidd əmələ görə təqsiri olan şəxsi inzibati və ya cinayət məsuliyyətinə cəlb edərkən, əməlin ictimai təhlükəlilik dərəcəsini, mülkiyyətçiyə, ətraf mühitə və s. vurulmuş zərərin ağırlıq dərəcəsini nəzərə almaqla, onun hərəkətlərini müvafiq olaraq Cinayət Məcəlləsinin 188-ci maddəsi və ya İnzibati Xətalar Məcəlləsinin 70-ci maddəsi ilə tövsif etməlidirlər.