​İnsanlar daha çox hansı səbəblərdən boşanırlar?

​İnsanlar daha çox hansı səbəblərdən boşanırlar? Sosioloq: “Ər və arvadın iqtisadi fəaliyyəti zamanla onları ailədən, uşaqların təhsili və tərbiyəsi kimi məsələlərdən uzaqlaşdırır”
Sosial müdafiə
24 Fevral , 2016 16:14
​İnsanlar daha çox hansı səbəblərdən boşanırlar?

Bakı. 24 fevral. REPORT.AZ/ "İnsanlar ailə qurarkən bir ömür boyu bir-birini sevəcəklərinə, bir-birinə dəstək olacaqlarına inansalar da, zaman keçdikdə bir çox səbəblərdən izdivaclar boşanma ilə nəticələnir".

Bunu "Report"a sosioloq Gülnar Nəzərova deyib.

Onun sözlərinə görə, boşanmanın tək hüquqi nəticələri olmur, boşandıqdan sonra insanlar bir sıra psixoloji və sosial problemlər yaşayırlar: "Ailələrin dağılmasına cəmiyyət və ailə dəyərləri, insanların iqtisadi vəziyyəti, fərdi xüsusiyyətlər təsir edir. Bu problem həm də dövrün dəyişməsi ilə bağlıdır. İllər əvvəl boşanmaya səbəb olmayan məsələlər zaman keçdikcə insanların evliliyini bitirmək üçün əsas olmağa başlayıb. Şəxsi ehtiyacların, ailə münasibətlərində prioritet təşkil etməli məsələlərin dəyişməsi, qarşı tərəfdən gözləntilərin artması da boşanmaya səbəb ola bilər. Ümumilikdə, zamanın da təsirini nəzərə alsaq, boşanma səbəbləri sırasında ilk öncə iqtisadi səbəbləri qeyd etmək lazımdır. Araşdırmalar göstərir ki, iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə boşanma faizləri daha yüksəkdir. Belə ki, qadın öz iqtisadi ehtiyaclarını ödəyə bilirsə və evliliklə bağlı tələbatları təmin edilmirsə, boşanmaq qərarını iqtisadi baxımdan həyat yoldaşından asılı olan qadınlardan daha tez verir".

Sosioloq bildirib ki, əvvəlki dövrlərlə müqayisədə Azərbaycanda da qadınların iqtisadi aktivliyi gündən-günə artmaqdadır.

G.Nəzərovanın sözlərinə görə, ər və arvadın iqtisadi fəaliyyəti zamanla onları ailədən, uşaqların təhsili və tərbiyəsi kimi məsələlərdən uzaqlaşdırır ki, bu da tərəflər arasında fikir ayrılıqları yaradır.

"Evlənən şəxslər sağlam ailə mühitində böyüməyiblərsə, daim zorakılıq şahidi olub və ya zorakılığa məruz qalıblarsa, həmin şəxslərin valideynləri də boşanıbsa, bu onların evlilik həyatına da təsir göstərir. Bu cür şəxslərin boşanma ehtimalı yüksək olur. Erkən və gecikmiş evliliklər də ailələrin dağılmasında əsas rol oynayır. Belə ki, erkən yaşda ailə quran şəxslər uşaqlıq dövründən birbaşa ailə münasibətlərinə daxil olduqda bu məsuliyyəti çox vaxt daşıya bilmirlər. Eyni zamanda, 30 yaşdan yuxarı evliliklərdə də boşanma ehtimalı olduqca yüksəkdir. Belə ki, insanlar həmin yaş dövrünə qədər adət etdikləri həyat tərzini bir anda dəyişməli olurlar. Bu isə olduqca çətin olduğundan, ailə münasibətlərinə öz neqativ təsirini göstərir".

Sosioloq dini və mental dəyərlərin də boşanmaya təsir göstərən amillər sırasında olduğunu bildirib: "Bu cür dəyərlərin hakim olduğu cəmiyyətlərdə istək və tələbatdan asılı olmayaraq insanların ailə qurması bir ənənəyə çevrilir. Onun sözlərinə görə, bu zaman xüsusilə qadınlar öz ehtiyaclarını anlamadan bəzən sırf bu "ənənəni yerinə yetirmək" üçün və ya valideynlərin təsiri ilə ailə qururlar və bir müddət sonra isə ya evləndikləri şəxslə ortaq tərəfləri olmamaları, ya da evliliyin onların xarakterinə aid olmadığını anlayırlar. Bu isə qadının sosial-iqtisadi vəziyyətindən asılı olaraq boşanma ilə nəticələnə bilir.

Digər səbəblərə isə cinsi problemlər, valideynlərin yeni qurulmuş ailə ilə birgə yaşaması, ailə münasibətlərinin qırılması, partnyorların xarakterlərinin bir-birinə uyğun olmaması, hədsiz qısqanclıq, zərərli vərdişlər, psixoloji problemlər və s. qeyd etmək olar. Təbii ki, bütün bunlarla yanaşı, son dövrlərdə cəmiyyətdə insanlar problemin həlli üçün səy göstərmək yerinə, daha asan yola əl atmağa çalışırlar. Bütün bunlar isə boşanmaların sayını artırır".

Qeyd edək ki, keçən il Azərbaycanda 68,8 min nikah və 12,8 min boşanma halı qeydə alınıb. Bu isə əhalinin 1000 nəfərinə müvafiq olaraq 1,3 boşanma deməkdir.

Son xəbərlər

Orphus sistemi