​İsmayıllıda ASAN Könüllülərinin “Həmrəylik düşərgəsi” açılıb

​İsmayıllıda ASAN Könüllülərinin “Həmrəylik düşərgəsi” açılıb Lahiyənin növbəti düşərgəsi gələn ay Qəbələnin Laza kəndində keçirləcək
Sosial müdafiə
20 İyul , 2016 17:47
​İsmayıllıda ASAN Könüllülərinin “Həmrəylik düşərgəsi” açılıb

İsmayıllı. 20 iyul. REPORT.AZ/ İsmayıllının Lahıç qəsəbəsində ASAN Könüllüləri və Dövlət Sərhəd Xidməti ilə birgə "Həmrəylik düşərgəsi"nin açılışı olub. 

"Report"un Şirvan bürosunun məlumatına görə, layihə ASAN Könüllüləri Təşkilatının təşəbbüsü, Dövlət Sərhəd Xidməti, Mədəniyyət və Turizm Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Avtomobil Federasiyası, BMT-nin Əhali Fondunun təşkilati dəstəyi ilə həyata keçirilir.

Əvvəlcə Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin ifasında dövlət himni səsləndirilib və düşərgə açıq elan edilib.

Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor İlham Mehdiyev, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, “Həmrəylik düşərgəsi”nə dəstək vermiş şirkətlərin adından “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev çıxış ediblər.

Mirdamət Sadıqov bu layihənin həyata keçirilməsi üçün ismayıllılılar, xüsusilə də lahıclılar adından təşkilatçılara minnətdarlığını bildirib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “Həmrəylik düşərgəsi”nin ASAN Könüllülərinin növbəti yay məktəbi olduğunu qeyd edib. O bildirib ki, digər yay məktəblərindən fərqli olaraq budəfəki düşərgə daha çox hərbi formatda təşkil olunub. Sədr düşərgədə yaradılan infrastrukturun Dövlət Sərhəd Xidməti tərəfindən yaradıldığını deyib. Diqqətə çatdırıb ki, beş gün ərzində ASAN Könüllüləri Lahıcın tarixi və mədəniyyəti ilə daha yaxından tanış olacaqlar. Layihə Azərbaycanın digər kənd və qəsəbələrinə davam etdiriləcək.

Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor İlham Mehdiyev hərbiləşdirilmiş qaydada keçirilən layihənin gənclərin hərb sənətinə marağının artırılması və onların vətənpərvərlik ruhunda böyüməsinə şərait yaratdığını qeyd edib.

Layihə çərçivəsində bir-birindən maraqlı tədbirlər, təlimlər keçiriləcək və müxtəlif turlar təşkil olunacaq. Düşərgə zamanı, həmçinin dövlət rəsmiləri və Milli Məclisin deputatları ilə görüşlər nəzərdə tutulub. “Həmrəylik düşərgəsi”nin keçirildiyi ərazidə Dövlət Sərhəd Xidməti tərəfindən çadırlar və yeməkxanalar ən yüksək standartlara cavab verən səviyyədə qurulub.

Düşərgənin tərəfdaş və dəstəkçiləri layihəyə maddi formada deyil, sosial məsuliyyət çərçivəsində məhsulları ilə dəstək veriblər: PAŞA Sığorta, Baku Media Center, Xəzər TV, YARAT Friends, Azersun, Corella boyaları, Azercell, Sağlam Ailə, Azərbaycan Fotoqraflar Birliyi, Vertical Group, ALT Group, SHARP, AZ CAKE, Səba, P&G, Favorit marketlər şəbəkəsi, Coca-Cola, Vertikal Qrup.

Qeyd edək ki, lahiyənin növbəti düşərgəsi gələn ay Qəbələnin Laza kəndində keçirləcək.

Son xəbərlər

Orphus sistemi