Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün növbəti şənlik təşkil olunub - FOTO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün növbəti şənlik təşkil olunub - FOTO Şənlikdə fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edib
Sosial müdafiə
23 İyun , 2016 23:49
Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün növbəti şənlik təşkil olunub - FOTO

Bakı. 23 iyun. REPORT.AZ/ İyunun 23-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin sakinləri üçün növbəti maraqlı şənlik təşkil olunub. "Report" AzərTAC-a istinadən xəbər verir ki, şənlikdə fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Bu dəfə Heydər Əliyev Fondu uşaqları paytaxtın dənizkənarı istirahət məkanlarından birinə toplayıb. Fondun təşəbbüsü ilə təşkil olunan şənliyə xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşılayıblar. Nizami rayonunun 1, Suraxanı rayonunun 2, Xətai rayonunun 3 saylı uşaq evlərinin və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin sakinləri bu məkanda yay mövsümünün ovqatını hiss ediblər, günəşli günlərin qayğısız anlarını yaşayıblar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da övladı ilə birlikdə uşaqların şənliyinə qoşulub. Balacalara xas olan hədsiz səmimiyyət və sevinclə əylənən uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif oyunlarda iştirak ediblər, bu isti yay günündə hovuzda üzdülər, sevinclərini ətrafdakılarla bölüşüblər.

Leyla Əliyeva uşaqlarla söhbət edib, şənliklə bağlı fikirlərini öyrənib, onlarla şəkil çəkdirib. Uşaq evlərinin və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin sakinləri təəssüratlarını bölüşüblər, burada yeni dostlar qazandıqlarını söyləyiblər, iştirak etdikləri oyunlar, əyləndikləri attraksionlar barədə danışıblar.

Bununla da xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinləri ilə görüşə növbəti hədiyyəsi ilə gəlib, onlara mənalı, maraqlı və unudulmaz bir gün yaşadıb. Tədbirdə balacalar üçün əsl bayram ab-havası yaradılıb. Uşaqlar müxtəlif rəqslər, mahnılar ifa ediblər, məharətlərini göstəriblər.

Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyətin bir hissəsi olan bu şənlik onlarla uşağı sevindirib. Fondun himayəsi altında uşaqlarla bağlı həyata keçirilən aksiyalar ilk növbədə qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara kömək, diabet və talassemiya xəstəliklərindən əziyyət çəkən balacalara yardım, respublikadakı uşaq evlərinin və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının tikilməsi məqsədi daşıyır.

Bu dəfə də hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Bayram şənliyində iştirak edən 200-yə yaxın uşağın təbəssümü onlara maraqlı bir gün bəxş edən Heydər Əliyev Fondunun fəaliyyətinə verilən ən yüksək qiymət idi.

Son xəbərlər

Orphus sistemi