Həbsdən çıxan 2 830 nəfərin hər birinə 420 manat verilib

Həbsdən çıxan 2 830 nəfərin hər birinə 420 manat verilib 16 nəfər üçün mebel quraşdırıcısı peşəsi üzrə peşə hazırlığı kursları təşkil olunub
Sosial müdafiə
22 İyul , 2015 16:25
Həbsdən çıxan 2 830 nəfərin hər birinə 420 manat verilib

Bakı. 22 iyul. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi(ƏƏSMN) cari ilin ötən dövründə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 2 830 nəfər şəxsi birdəfəlik müavinətlə təmin edib. Bu barədə "Report"a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, müvafiq qanunvericiliyə uyğun olaraq, həmin şəxslərin hər birinə minimum əmək haqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti verilib.

Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan şəxslərin gələcək məşğulluğunun dəstəklənməsi üçün onların peşə reabilitasiyası istiqamətində tədbirlər cari ilin 6 ayında da davam etdirilib. Bu müddətdə cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək 45 nəfər şəxs, o cümlədən 29 nəfər üçün kompyuter istifadəçisi, 16 nəfər üçün isə mebel quraşdırıcısı peşəsi üzrə peşə hazırlığı kursları təşkil olunub.

Hazırda ƏƏSMN-nin sifarişi ilə Qobustan rayonunda inşa olunan Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzi qeyd olunan şəxslərin sosial adaptasiyası, onların sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının müdafiəsi və s. kimi məqsədlərə xidmət edəcək.

Son xəbərlər

Orphus sistemi