Füzuli rayonunda Qarabağ müharibəsi əlilləri yeni fərdi yaşayış evləri ilə təmin edilib

Füzuli rayonunda Qarabağ müharibəsi əlilləri yeni fərdi yaşayış evləri ilə təmin edilib Səlim Müslümov: "Şəhid ailələrinə yönələn dövlət qayğısı mütəmadi olaraq artırılır"
Sosial müdafiə
7 Aprel , 2016 15:58
Füzuli rayonunda Qarabağ müharibəsi əlilləri yeni fərdi yaşayış evləri ilə təmin edilib

Bakı. 7 aprel. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün cəbhəyanı yaşayış məntəqələrində inşası başa çatan daha 3 fərdi ev Füzuli rayonunun Horadiz şəhərində Qarabağ müharibəsi əlillərinə təqdim olunub. 

"Report"un məlumatına görə, evlərin istifadəyə verilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, əlil ictimai birliklərinin və rayon ictimayyətinin nümayəndələri iştirak edib.

Tədbirdə son günlərdə cəbhə xəttində erməni silahlı qüvvələrinin təxribatının qarşısının alınması üçün keçirilən uğurlu hərbi əməliyyatlar zamanı şəhid olmuş qəhrəman hərbiçilərimizin və təxribat zamanı həlak olmuş mülki vətəndaşların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

S.Müslümov bir neçə gün öncə təcavüzkar Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribat törətmək cəhdinin qarşısının alınması zamanı Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək döyüşkənlik və qəhrəmanlığın müasir tariximizin şanlı bir səhifəsinə çevrildiyini vurğulayıb: “Ölkəmizin hərbi potensialının gücləndirilməsi və müdafiə qabiliyyətinin artırılması üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ötən müddətdə həyata keçirdiyi məqsədyönlü və kompleks tədbirlərin nəticəsi olaraq Azərbaycan Ordusu bu gün dünyanın ən güclü ordularından birinə çevrilib. Məkrli düşmənin mütəmadi olaraq ölkəmizə, xalqımıza qarşı törətdiyi hərbi təxribatların qarşısı layiqli şəkildə alınır. Azərbaycanın bütün sahələrdə uğurlarının və dünyada nüfuzunun, diplomatik nailiyyətlərinin daim artmasından təşviş və narahatlıq keçirən işğalçı Ermənistanın bu günlərdə Vətənimizə qarşı törətdiyi növbəti silahlı təxribat da uğursuzluqla nəticələndi. Bu təxribata cavab olaraq, peşəkar və qəhrəman ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməsi, xeyli miqdarda hərbi texnikasını və canlı qüvvəsini məhv etməsi, eyni zamanda əks-həmləyə keçərək bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini işğaldan azad etməsi xalqımızın, dünyada yaşayan bütün azərbaycanlıların qəlbini fəxr və iftixar hissi ilə doldurdu. Bu gün bizim hər birimizin qəlbi tarixi bir qələbə sevinci ilə döyünür və inanırıq ki, işğal olunmuş torpaqlarımızın azad olunacağı gün heç də uzaqda deyil”.

Nazir bildirib ki, son hadisələr Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun istənilən an və qısa bir müddətdə düşməni doğma torpaqlarımızdan qovmağa, ölkəmizin ərazi bütövlüyünü təmin etməyə qadir qüdrətli bir ordu olduğunu, Azərbaycan əsgərinin yüksək vətənpərvərliyini, döyüşkənlik əzmini, hünər və rəşadətini nümayiş etdirdi. Ermənistanın isə bütün sahələrdə olduğu kimi, hərbi sahədə də nə qədər aciz və biabırçı durumda olduğu bir daha öz təsdiqini tapdı. Cəbhəyanı yaşayış məntəqələrində yaşayan həmvətənlərimizin bu hadisələr zamanı yüksək təmkin, ordumuza inam və etimad, daimi dəstək nümayiş etdirmələri isə hər birimizdə qürur hissi doğurur.

S.Müslümov vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş insanlar, habelə şəhid ailələrinə yönələn dövlət qayğısı da mütəmadi olaraq artırılır: “Möhtərəm dövlət başçımızın 2014-cü il 20 iyun tarixli Sərəncamı da bu sahədə mühüm addım olmaqla, Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatının daha da gücləndirilməsinə imkan yaradıb. Sərəncama əsasən, respublikamızın bütün bölgələrində, eləcə də cəbhəyanı yaşayış məntəqələrində həmin insanlar üçün fərdi evlərin inşası, hazır yaşayış binalarından tender yolu ilə mənzillərin alınaraq təmir etdirilməsi işləri aparılır. Bakı şəhərində və İmişli, Beyləqan, Şamaxı rayonlarında onlar üçün çoxmənzili yaşayış binaları da tikilir. Ötən il 281 nəfər, bu ilin ötən dövründə isə artıq 100 nəfərə yaxın Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib. Bu gün Füzuli rayonunda 3 nəfərə fərdi yaşayış evi təqdim edirik və hazırda bu rayonda daha 4 ədəd fərdi yaşayış evində inşaat işləri tamamlanmaq üzrədir”.

Daha sonra S.Müslümov yeni fərdi evlərlə təmin olunan Qarabağ müharibəsi əlillərini bu münasibətlə təbrik edərək onlara xoş arzularını ifadə edib.

Tədbirdə digər çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin ordumuzun güclənməsi məqsədilə həyata keçirdiyi siyasətin uğurlu nəticələrindən, ölkəmizin hərbi qüdrətinin artmasından, düşmən təxribatlarına qarşı sarsıdıcı zərbələrlə cavab verilməsindən söz açıblar. 

Son xəbərlər

Orphus sistemi