Bakıda “Məşğulluq siyasəti” mövzusunda təlim-seminar keçirilir

Bakıda “Məşğulluq siyasəti” mövzusunda təlim-seminar keçirilir Səlim Müslümov: “Kəskinləşən qlobal iqtisadi böhranın mənfi təsirinə baxmayaraq, Azərbaycanda iqtisadi artım dinamikası davam edir”
Sosial müdafiə
8 Fevral , 2016 16:56
Bakıda “Məşğulluq siyasəti” mövzusunda təlim-seminar keçirilir

Bakı. 8 fevral. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə Bakıda “Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)” layihəsinin hazırlanması işləri çərçivəsində "Məşğulluq siyasəti" mövzusunda təlim-seminara başlanılıb.

"Report" xəbər verir ki, dörd gün davam edəcək təlim-seminarın açılışında aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının, Milli Məclisin, sosial tərəfdaşların, BƏT-in, BMT-nin Əhali Fondunun, Dünya Bankının və digər bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevin islahatlar kursu nəticəsində ötən dövrdə Azərbaycanda dayanıqlı və çoxsaylı iş yerlərinin açılmasını nəzərdə tutan dinamik iqtisadi inkişafın təmin edildiyini, iqtisadiyyatın şaxələndirilməsi prosesinin, qeyri-neft sektorunun və regionların, davamlı dövlət dəstəyi şəraitində sahibkarlığın inkişafının sürətləndiyini vurğulayıb: "2015-ci ildə ölkəmizin sosial-iqtisadi inkişafının yekunları da göstərir ki, kəskinləşən qlobal iqtisadi böhranın mənfi təsirinə baxmayaraq, Azərbaycanda iqtisadi artım dinamikası davam edir, büdcə-fiskal dayanıqlığı təmin olunur. Qlobal enerji bazarındakı qeyri-sabitlik, region ölkələrində iqtisadi problemlər, Azərbaycanın və onun əsas ticarət partnyorları olan ölkələrin milli valyutalarının devalvasiyası, eləcə də dünya maliyyə bazarındakı çətinliklər orta müddətli perspektivdə əsas risklər hesab olunur. Milli iqtisadiyyatın bu risklərə hazır olması və mənfi xarici iqtisadi təsirlərə qarşı yüksək dayanıqlıq nümayiş etdirməsi Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti, respublikada yaradılmış siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, o cümlədən iqtisadi şaxələndirmə və neft amilindən asılılığın azaldılması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması sayəsində mümkün olub".

S.Müslümov Azərbaycanın Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik əhalisi olan və əhali sayı sürətlə artan az sayda ölkələrdən biri olduğunu qeyd edib: “Azərbaycanda 2005-2015-ci illə ərzində əhalinin sayı 13,6 faiz artıb. Hazırda əhalinin 22,4%-i 0-14 yaşda, 71,6%-i 15-64 yaşda, 6%-i isə 65 və yuxarı yaşda olanlardır. Respublika əhalisinin 28,1% faizini 15-29 yaşda gənclər təşkil edir və demoqrafik yük əmsalı 1990-cı ilə nisbətən 1,7 dəfə azalaraq 40 nəfər təşkil edib”.

Nazir qeyd edib ki, Azərbaycanda dövlət məşğulluq siyasətinin formalaşdırılması və həyata keçirilməsi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir: "Yeni Məşğulluq Konsepsiyası layihəsinin hazırlanmasında da BƏT, Dünya Bankı və BMT-nin Əhali Fondu bizim əsas partnyorlarımızdır".

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ölkədə aparılan sosialyönümlü siyasətin mühüm bir komponentinin əhalinin məşğulluq səviyyəsinin artırılması olduğunu, yeni Konsepsiyanın Azərbaycanda bu vacib məqsədin uğurla gerçəkləşdirilməsi sahəsində yeni imkanların yaradılması üçün güclü əsas yaradacağını bildirib. Komitə sədri bu təlim-seminarın yeni layihənin beynəlxalq ekspertlərlə birgə daha təkmil şəkildə işlənməsində mühüm rol oynayacağını diqqətə çatdırıb. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ölkə sahibkarlarının iqtisadi inkişaf proseslərində olduğu kimi, əmək bazarında da fəallığının getdikcə artdığını bildirib. M.Musayev özəl sektorun genişlənməsi üçün aparılan siyasətin məşğulluq imkanlarının artmasına da şərait yaradacağını qeyd edib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Cavanşir Alxasov dövlət məşğulluq siyasətinin hazırlanması və təkmilləşdirilməsi işlərində AHİK-in sosial tərəfdaş kimi daim fəal iştirak etdiyini, yeni Konsepsiya layihəsinin də mükəmməl şəkildə hazırlanması üçün səylər göstərəcəklərini qeyd edib.BƏT-in Məşğulluq siyasəti şöbəsinin sektor müdiri Aurelio Parisotto Azərbaycanın məşğulluq sahəsində fəal siyasətə və uğurlu iş təcrübəsinə malik bir ölkə olduğunu vurğulayıb. A.Parisotto təmsil etdiyi təşkilatın ölkəmizdə yeni Məşğulluq Konsepsiyasının hazırlanmasına lazımi dəstəyi vermək əzmində olduğunu, hazırda keçirilən təlim-seminarın da bu məqsədə yönəldiyini bildirib.

Daha sonra təlim-seminarın ilk sessiyasına başlanılıb. Tədbir çərçivəsində keçiriləcək sessiyalarda əmək bazarında mövcud vəziyyət, məşğulluq problemləri və sosial tərəfdaşlarla birgə onların həll olunması yolları, məşğulluq siyasətinin formalaşdırılması üçün prioritetlərin müəyyən olunması, əmək bazarının inkişafı üzrə proqramların tərtibi və s. mövzularda beynəlxalq ekspertlərin iştirakı ilə təhlil və müzakirələrin aparılması nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi