Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirib Bakı şəhəri üzrə 48 müəssisədən 240 vakant iş yerinin təqdim edildiyi tədbirdə iş yerlərinə göndərişlər verilib
Sosial müdafiə
29 İyun , 2016 13:24
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirib

Bakı. 29 iyun.REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunlar üçün Bakı Biznes Universitetində "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbiri keçirib.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirin acılışında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da iştirak edib. O bildirib ki, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin fəaliyyətində gənclərin məşğulluğunun təminatı xüsusi yer tutur: "Təkcə bu ilin beş ayında Xidmətin xətti ilə işlə təmin olunanların 36 faizi, haqqı ödənilən ictimai işlərə cəlb edilənlərin 32 faizi gənclərdən ibarət olub. Bu dövrdə Xidmət tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunan 1500 nəfərədək şəxsdən 60 faizini gənclər təşkil edib. Xidmətin Əmək Birjaları vasitəsilə müvəqqəti xarakterli işlərə göndərilən vətəndaşların da mühüm bir hissəsi gənclərdir. Həmçinin son 5 ayda 56,4 mindən çox gəncə peşəyönümü məsləhətləri verilib”.

S.Müslümov sağlamlıq imkanları məhdud gənclərin də əmək bazarına inteqrasiyası üçün məqsədyönlü işlərin aparıldığını qeyd edib: “Nazirliyin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi istifadəyə verildiyi 2013-cü ilin dekabrından cari ilin 1 iyun tarixinədək həmin mərkəzdə 800 nəfərdən çox belə gənc peşə kurslarına qəbul edilib. Hazırda nazirliyin sifarişi ilə Bakıda gözdən əlil gənclər üçün də Peşə-Tədris Mərkəzi inşa olunur”.

Qeyd edək ki, Bakı şəhəri üzrə 48 müəssisədən 240 boş (vakant) iş yerinin təqdim edildiyi tədbirdə boş (vakant) iş yerlərinə göndərişlər verilib, ayrı-ayrı məzunlar istəklərinə uyğun olaraq əlavə təhsil kurslarına cəlb olunmaq üçün qeydiyyata alınıblar. Həmçinin tələbə və məzunlar işəgötürənlərə özləri barədə şəxsi məlumatlarını (CV) təqdim ediblər. Yay mövsümündə müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər Xidmətin Bakı şəhərindəki Əmək Birjası tərəfindən qeydiyyata götürülüblər.  

Son xəbərlər

Orphus sistemi