Əli Həsənov məcburi köçkünlər üçün salınan yaşayış komplekslərinin vaxtında təhvil verilməsini tələb edib

Əli Həsənov məcburi köçkünlər üçün salınan yaşayış komplekslərinin vaxtında təhvil verilməsini tələb edib Baş nazirin müavini tikinti işlərinin gedişi ilə bağlı real vəziyyəti öyrənmək məqsədilə Qazax və Sabirabad rayonlarında olub
Sosial müdafiə
3 İyul , 2015 13:34
Əli Həsənov məcburi köçkünlər üçün salınan yaşayış komplekslərinin vaxtında təhvil verilməsini tələb edib

Bakı. 3 iyul. REPORT.AZ/ Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tikinti işlərinin gedişi ilə bağlı real vəziyyəti öyrənmək məqsədilə Qazax və Sabirabad rayonlarında məcburi köçkünlər üçün salınan yaşayış komplekslərində olub.

Komitədən "Report"a verilən məlumata görə, əvvəlcə Qazax rayonuna gələn baş nazirin müavini Əli Həsənov tikinti şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə yeni salınan məhəllədə tikinti işlərinin aparılması ilə bağlı birgə müzakirələr aparılıb.

Müşavirədə bildirilib ki, ərazidə 10 ədəd 4 mərtəbəli, 300 mənzilli binalar tikilir. Binalarda 52 ədəd 1 otaqlı, 156 ədəd 2 otaqlı, 88 ədəd 3 otaqlı, 8 ədəd isə 4 otaqlı mənzillər var. Ərazidə bundan əlavə 220 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün də binalar tikilir. Yaşayış kompleksi qaz, su, müasir istilik sistemi və elektrik ilə tam təchiz olunacaq.

Baş nazirin müavini ərazidə aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olduqdan sonra inşaat işlərini aparan tikinti şirkətləri rəhbərlərinin arzu və təkliflərini dinləyib və onlara öz tövsiyələrini verib.

Ə.Həsənov tikinti şirkətlərinin rəhbərlərinə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib və işlərin tikinti qaydalarına uyğun olaraq yüksək səviyyədə icra olunmasının vacibliyini bildirib.

Məcburi köçkünlərin məskunlaşdırılmasının Azərbaycanın qarşısında duran prioritet məsələ olduğunu qeyd edən baş nazirin müavini bildirib ki, dövlət başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoyub.

İnşasına bu ilin əvvəlində başlanan məhəllədəki inşaat işlərinin gedişində heç bir problem yaşanmadığını, istənilən qədər texnika, işçi qüvvəsi, tikinti materialları olduğunu bildirən, ayrı-ayrılıqda istər yaşayış binalarının, istərsə də bu məhəllədə inşa olunan məktəb binasının, uşaq bağçasının, həmçinin tibb məntəqəsi, ATS binası, klub-icma mərkəzi və digər sosial obyektlərin, istərsə də daxili elektrik xətləri, su, kanalizasiya xətləri, qızdırıcı sistem və digər texniki infrastrukturların inşasını həyata keçirən tikinti təşkilatlarının rəhbərləri müşavirədə hesabat xarakterli məlumat verərək bildiriblər ki, onlar məsul olduqları sahələrdə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün bütün imkanlardan istifadə edəcəklər.

Qərara alınıb ki, tikinti işləri sürətlə aparılması ilə yanaşı, keyfiyyətə də ciddi fikir verilməli və yaşayış kompleksi bütün infrastruktur obyektləri ilə birlikdə yüksək keyfiyyətlə təhvil verilməlidir.

Komitə sədri sonra Sabirabad rayonuna gələrək həmin rayon ərazisində fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 440 ailəlik bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə inşası aparılan qəsəbədə tikinti işlərinin gedişi ilə də maraqlanıb.

Bildirilib ki, ərazidə 44 ədəd 1 otaqlı, 198 ədəd 2 otaqlı, 176 ədəd 3 otaqlı, 22 ədəd isə 4 otaqlı mənzillər var. Ərazidə bundan əlavə 370 şagird yerlik məktəb binası, tibb məntəqəsi, klub-icma mərkəzi və inzibati bina tikilir. Qəsəbə qaz, su və elektrik ilə tam təchiz olunacaq.

Son xəbərlər

Orphus sistemi