ƏƏSMN-də QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə Dövlət Proqramının layihəsi müzakirə olunub

ƏƏSMN-də QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə Dövlət Proqramının layihəsi müzakirə olunub Azay Quliyev: "ƏƏSMN öz fəaliyyətinin bütün sahələrində vətəndaş cəmiyyətləri ilə fəal əməkdaşlıq edir"
Sosial müdafiə
22 Dekabr , 2014 13:04
ƏƏSMN-də QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə Dövlət Proqramının layihəsi müzakirə olunub

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə "Azərbaycanın demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"nın (2014-2025-ci illər) layihəsi müzakirə olunub. "Report" xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, son 20 ildə ölkədə əhalinin sayı 26 faizdən də çox artaraq 9,5 milyonu ötüb: "Əhalinin illik artım tempinin 1,3 faiz təşkil etdiyi respublikada körpə və uşaq ölümü halları müvafiq olaraq 2,3 dəfə və 3,5 dəfə azalıb. Doğulanda gözlənilən ömür uzunluğu isə 4,6 il artaraq 74,2 yaşa çatıb. Ölkədə son 10 il ərzində doğum səviyyəsi hər min nəfərə 13,9-dan 18,6-ya qalxıb. Bu gün əhalinin təbii artımının 1,3 faiz olduğu Azərbaycan bu sahədə Avropada ən yaxşı göstəriciyə malikdir".

Nazir cari ilin sentyabrında ƏƏSMN ilə QHT-lərə Dövlət Dəstəyi Şurası arasında imzalanan birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumunun digər sahələrdə olduğu kimi, yeni qanunvericilik layihələrinin təkmilləşdirilməsində də vətəndaş cəmiyyətləri ilə əməkdaşlığa şərait yaratdığını qeyd edib: “Bu görüş də əməkdaşlığımızın davamı olaraq, demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının layihəsi ilə bağlı birgə müzakirələrə həsr olunub. Burada vətəndaş cəmiyyətləri tərəfindən ifadə olunacaq rəy və təkliflərin bu layihənin təkmilləşdirilməsində öz rolunu oynayacağına əminəm”.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ƏƏSMN-in öz fəaliyyətinin bütün sahələrində vətəndaş cəmiyyətləri ilə fəal əməkdaşlıq etməsini yüksək dəyərləndirib. O, sözügedən memorandumun ölkədə dövlət orqanları ilə QHT-lər arasında ilk əməkdaşlıq sənədi olduğunu və bu sənəddən irəli gələn məsələlərin həlli ilə bağlı ƏƏSMN tərəfindən lazımi işlərin aparıldığını vurğulayıb.

A.Quliyev ölkədə yaxın on ildə demoqrafiya sahəsində məqsədyönlü siyasətin həyata keçirilməsi üçün mühüm istiqamətləri müəyyən edən yeni Dövlət Proqramının təkmil layihəsinin hazırlanması üçün öz töhfələrini verəcəklərini qeyd edib.

Daha sonra layihə təqdim olunub, layihə ilə bağlı rəy və təkliflər səsləndirilib.

Son xəbərlər

Orphus sistemi