DSMF-nin yeni Çağrı Mərkəzi istifadəyə verilib

DSMF-nin yeni Çağrı Mərkəzi istifadəyə verilib Çağrı sistemi qeyri-iş günləri və saatlarında avtomatik rejimdə fəaliyyət göstərir
Sosial müdafiə
14 Aprel , 2015 14:22
DSMF-nin yeni Çağrı Mərkəzi istifadəyə verilib

Bakı. 14 aprel. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun müasir standartlara uyğun yenidən təşkil olunan 190 Çağrı Mərkəzi istifadəyə verilib. "Report" xəbər verir ki, tədbiri DSMF-nin sədri Elman Mehdiyev giriş sözü ilə açıb.

E.Mehdiyev bildirib ki, əhaliyə göstərilən xidmətlərin, vətəndaşların müraciətlərinə baxılması işinin müasir dövrün tələblərinə uyğun şəkildə innovativ yeniliklər və müasir texnologiyalar əsasında səmərəli təşkili və davamlı təkmilləşdirilməsi fond üçün əsas prioritetdir: "Fondun müasir əsaslarla təşkil edilən fəaliyyət istiqamətlərinin mühüm komponenti olan vətəndaşların müraciətlərinə elektron qaydada baxılması prosesi üç istiqamət üzrə həyata keçirilir ki, bunlardan biri də 190 Çağrı Mərkəzi vasitəsi ilə aparılır. Mərkəz artıq xüsusi avadanlıqla və avtomatlaşdırılmış sistemlə təchiz olunmuş müasir əsaslı yeni xidmət zalında fəaliyyət göstərəcəkdir. Çoxkanallı avadanlıqlarla təchiz olunmuş Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telekommunikasiya şəbəkələrindən birbaşa əlaqə saxlamaq mümkündür. Mərkəz zəruri işçi qüvvəsi, avadanlıq, proqram təminatı, texniki və metodiki vasitələrlə təmin edilib. Çağrı Mərkəzinin əməkdaşları üçün Fondun fəaliyyət istiqamətləri, qanunvericilik, proseduralar, elektron xidmətlər, proqram-texniki sistemlər, eləcə də çağrı mərkəzi əməkdaşlarının davranış və kommunikasiya sahələri üzrə təlimlər keçirilib". 

E.Mehdiyev deyib ki, Çağrı Mərkəzində müraciətlərin qəbul və cavablandırılması mövcud tələblər nəzərə alınmaqla təşkil edilib, əməkdaşların xidmət keyfiyyətinin ölçülməsi ilə bağlı zəruri monitorinq sistemləri tətbiq olunub. Bundan əlavə, tələb olunduğu kimi, Çağrı Mərkəzində daxil olan müraciətlərin həcminə, fəaliyyət göstərən əməkdaşların sayına uyğun olaraq səsboğucu vasitələr, işıqlandırma və havatəmizləyici sistem, nəzarət və məlumat monitoru olan xidmət zalı, əməkdaşlar üçün istirahət guşəsi və toplantı masası quraşdırılıb. Çağrı Mərkəzində əməkdaşların iş yerləri səsboğucu funksiyalar nəzərə alınmaqla masalar, rahat kreslolar, kompüterlər, zəruri proqram təminatları, qanunvericilik bazası, müraciət edənlər barədə asan və tez məlumat almaq imkanı üçün müvafiq informasiya sistemlərinə və məlumat bazalarına inteqrasiya olunmuş proqram təminatı, sənədlər üçün rəf, hüquqi aktlar, metodiki göstərişlər, məlumat kitabçaları və digər zəruri vasitələrlə təmin edilib. Çağrı Mərkəzində quraşdırılan interaktiv səsli menyu və rabitə kanalları daxil olan zənglərin həcminə müvafiq olaraq onların paylanmasına, növbədə gözlədilməsinə, təklif olunan avtomatik xidmət növlərinə uyğun olaraq müraciətlərin cavablandırılmasına, tələb olunan məlumatın səsləndirilməsinə, avtomatik rejimdə əməliyyatlar etməyə imkan verir".

Onun sözlərinə görə, çağrı sistemində pensiyaların avtomatlaşdırılmış təyinatı, məcburi dövlət sosial sığortası, əmək pensiyaları, fərdi uçot, elektron xidmətlər üzrə müraciətlərin cavablandırılması həyata keçirilir. Çağrı sistemi qeyri-iş günləri və saatlarında avtomatik rejimdə, digər vaxtlarda isə operatorlar tərəfindən cavablandırılan canlı rejimdə fəaliyyət göstərir".

Dövlət Sosial Müdafiə Fondunun Çağrı Mərkəzi universal telefon məlumat xidmətinə inteqrasiya olunub və hazırda bu məlumat xidməti üzərindən zəng vuran sahibkarlara məcburi dövlət sosial sığortası və elektron xidmət bölmələri üzrə telefon məlumat xidməti göstərilməsi həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi