Dövlət qulluğuna qəbul üçün yeni müsabiqə elan edilib

Dövlət qulluğuna qəbul üçün yeni müsabiqə elan edilib Boş yerlər "ASAN Xidmət"dədir
Sosial müdafiə
6 Avqust , 2015 10:29
Dövlət qulluğuna qəbul üçün yeni müsabiqə elan edilib

Bakı. 6 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində ("ASAN Xidmət") inzibati vəzifələrin yeddinci təsnifatlarına uyğun olan 11 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edib. 

Bu barədə "Report" komissiyanın mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin hamısı mərkəzi icra hakimiyyəti orqanının yerli təşkilatlarındadır.

Qeyd edək ki, "Dövlət qulluğu haqqında" qanunun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə test proqramı - 15 test tapşırığı, qanunvericilik sahəsində - 40 test tapşırığı, informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı, məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı üzrə bilikləri yoxlanılacaq.

Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı tapşırıqlar bu proqramlar çərçivəsində olacaq.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 06 avqust 2015-ci il tarixdən 04 sentyabr 2015-ci il tarixdə saat 18:00-dək komissiyaya təqdim etməlidirlər.

Müraciət forması elektron, şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Müsabiqəyə dair ətraflı məlumat "Respublika" qəzetinin 06 avqust 2015-ci il tarixli sayında dərc edilib və 06 avqust 2015-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında - www.dqmk.az verilib.

Son xəbərlər

Orphus sistemi