BMT ​"ASAN xidmət"i mükafatlandırıb

BMT ​"ASAN xidmət"i mükafatlandırıb Azərbaycanın "ASAN xidmət"i "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi" kateqoriyasında 1-ci yerə layiq görülüb
Sosial müdafiə
27 İyun , 2015 11:57
BMT ​ASAN xidməti mükafatlandırıb

Bakı. 27 iyun. REPORT.AZ/ BMT Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini (ASAN xidmət) mükafatlandırıb. Bu barədə "Report"a "ASAN xidmət"in mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Kolumbiyanın Medellin şəhərində 2015-ci il üzrə BMT-nin Dövlət Xidmətlərinin göstərilməsi sahəsində qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Azərbaycanın "ASAN xidmət"i "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi" kateqoriyasında 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub.

Xidmətdən bildirilib ki, forum çərçivəsində dövlət xidmətləri üzrə beynəlxalq sərgi təşkil olunub. Sərgidə ən çox "ASAN xidmət"in pavilyonu iştirakçıların marağına səbəb olub. Tədbir təşkilatçıları bu modeli dövlət xidmətlərinin göstərilməsi baxımından unikallığına görə xüsusilə qeyd ediblər.

Kolumbiyaya səfər çərçivəsində Dövlət Agentliyinin sədri İnam Kərimov BMT baş katibinin iqtisadi inkişaf məsələləri üzrə müşaviri Lenni Montiel və Kolumbiyanın Dövlət Xidmətləri üzrə Agentliyinin direktoru Liliana Caballero ilə görüşüb. Görüşlərdə müvafiq sahənin inkişafı üçün "ASAN xidmət" təcrübəsindən faydalanmaq, habelə ikitərəfli əməkdaşlıq və tərəfdaşlıq perspektivləri müzakirə edilib.

Xatırladaq ki, iyunun 23-dən 26-dək Kolumbiyanın Medellin şəhərində BMT-nin Dövlət Xidmətləri üzrə Forumu keçirilib. Tədbirin keçirilməsində məqsəd ənənəvi olaraq BMT-nin 2015-ci ildə dövlət xidmətlərinin göstərilməsi sahəsində ən uğurlu modellərinin təqdim edilməsi və mükafatlandırılmasıdır. Eyni zamanda forum vasitəsi ilə "ASAN xidmət" və mükafata layiq görülən digər modellərin uğurlu təcrübəsinin dünyanın müxtəlif ölkələrində tətbiqi təşviq olunur.

Bu il keçirilən forumda dünyanın müxtəlif ölkələrindən aparıcı nazirliklərin və təşkilatların rəhbərləri, beynəlxalq ekspertlər, KİV və işgüzar dairələrin 1000-dən çox nümayəndəsi iştirak edib.

Son xəbərlər

Orphus sistemi