Binəqədidə yanan binada xəsarət alan sakinlərə 5000 manat kompensasiya verilib

Binəqədidə yanan binada xəsarət alan sakinlərə 5000 manat kompensasiya verilib Sakinlər kompensasiyaları "Kapital Bank"dan götürüblər
Sosial müdafiə
14 İyul , 2015 17:45
Binəqədidə yanan binada xəsarət alan sakinlərə 5000 manat kompensasiya verilib

Bakı. 14 iyul. REPORT.AZ/ Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğında xəsarət alan sakinlərə 5000 manat kompensasiya ödənilib. Bu barədə "Report"a binanın sakinləri məlumat verib.

Yanğın zamanı müxtəlif dərəcəli xəsarət alan 50-dən artıq sakinə kompensasiya ödənilib. Sakinlər kompensasiyaları "Kapital Bank"dan alıblar.  

Xatırladaq ki, bundan əvvəl yaşayış binasının sakini olan hər bir ailəyə 2500 manat kirayə pulu ödənilmişdi. Bu məbləğ sakinlərin 5 ay müddətində kirayədə qalmaları üçün verilmişdi.

Nazirlər Kabinetinin qərarına əsasən, yanğın hadisəsi nəticəsində həlak olan 15 sakinin hər birinin ailəsinə 15 min manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəyən əmlakına görə ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardımın verilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, mayın 19-da Bakı şəhəri, Binəqədi rayonunun Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada yanğın baş verib. Nəticədə 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. 

Baş vermiş hadisəyə görə 4 nəfər həbs olunub. 

Son xəbərlər

Orphus sistemi