Bakı. 1 aprel. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Biləsuvar rayonunda inşa olunan 3 ədəd fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərinə təqdim edib.
"Report"un məlumatına görə, ailə üzvlərinin sayına uyğun olaraq hər biri üçotaqlı olan evlərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.
Evlərin təqdim olunması zamanı Azərbaycanda həyata keçirilən sosial siyasətdə müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin mühüm yer tutduğu önə çəkilərək, onların maddi təminatlarının gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində görülən işlər diqqətə çatdırılıb.
Qeyd olunub ki, keçən il və cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri və bölgələr üzrə ümumilikdə 360 nəfərə yaxın Qarabağ müharibəsi əlili və şəhid ailəsini mənzillə təmin edib. Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, həmçinin hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınması və təmir etdirilməsi işləri davam etdirilir.