Xidmət rəisi: "Bədbəxt hadisələr daha çox tikinti sektorunda baş verir"

Xidmət rəisi: "Bədbəxt hadisələr daha çox tikinti sektorunda baş verir" "Ötən il aşkar edilən hüquq pozuntuları ən çox əmək müqavilələrinin bağlanmamasına görə olub"
Sosial müdafiə
17 Fevral , 2015 16:10
Xidmət rəisi: Bədbəxt hadisələr daha çox tikinti sektorunda baş verir

Bakı. 17 fevral. REPORT.AZ/ "Ötən il əmək qanunvericiliyinə əməl olunmaması ilə bağlı aşkar edilən hüquq pozuntularının təhlili göstərib ki, onların 35,8%-ni əmək müqavilələrinin bağlanmaması və ya onların şərtlərinin yerinə yetirilməməsi, 6,3%-ni əməyin mühafizəsinin tibbi-sosial məsələləri, 6,1%-ni əmək haqqının hesablanması və ya ödənilməsindəki nöqsanlar, 4%-ni texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi təşkil edib". "Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə YAP-ın rəsmi saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, iqtisadiyyatın sahələri üzrə bu pozuntulara daha çox topdan və pərakəndə ticarət, avtomobillərin təmiri sektorunda (bütün nöqsanların 30,4%-i), yaşayışın təşkili və ictimai iaşə (10%), emal sənayesində (6,7%), səhiyyə və sosial xidmət sahəsində (7,2%), tikintidə (15,8%) aşkar edilib: "İşəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması hallarının 91%-i sahibkarlıq subyektlərində baş verib. Eyni zamanda, gecikdirilmiş sosial xarakterli ödənişlərin təxminən 81%-i sahibkarlıq subyektlərinin payına düşüb. İqtisadiyyat sahələri üzrə işçilərə ödənilməsi təmin edilmiş ödənclərin əksəriyyəti emal sənayesinə (18,6%) və tikintiyə (22,6%) aid müəssisələrdə həyata keçirilib".

F.Əlizadə onu da qeyd edib ki, 2014-cü ildə Xidmət istehsalatla əlaqəli sayılan 225 bədbəxt hadisənin, o cümlədən qrup halında baş verən 28 belə hadisənin təhqiqatını aparıb: "Bu hadisələr nəticəsində 90 nəfər həyatını itirib, 183 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İqtisadi fəaliyyət sahələri üzrə istehsalatla bağlı bədbəxt hadisələrin daha çox tikinti sektorunda (bütün hadisələrin 28,9%-i), emal sənayesində (15,1%), energetika sahəsində (10,7%), mədənçıxarma sənayesində (10,2%) və nəqliyyat sektorunda (8,9%) baş verdiyi müəyyən edilib".

"Tikinti sektorunda 7-i qrup halında olmaqla 65 bədbəxt hadisə baş verib ki, bu hadisələr zamanı ölənlərin sayı 28 nəfər, xəsarət alanların sayı isə 43 nəfər olub. İş qəzası nəticəsində zərərçəkənlərin 26%-nin, ölənlərin isə 31,1%-nin tikinti sektoruna aid olması faktı bir daha təsdiq edir ki, tikinti sektorunda hələ də əmək qanunvericiliyinə, bu sahədə olan digər normativ-hüquqi sənədlərin tələblərinə, əməyin mühafizəsi və texniki təhlükəsizlik normalarına və qaydalarına riayət olunmasında problemlər mövcuddur. Tikinti müəssisələrində aparılmış dövlət nəzarəti və bədbəxt hadisələrin təhqiqatı zamanı aşkar olunub ki, bir çox hallarda bu müəssisələrdə sağlam və təhlükəsiz əmək şəraiti yaradılmır, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına tam riayət olunmur. Həmçinin işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilməsində və onlardan səmərəli istifadə olunmasında ciddi nöqsanlar qalmaqdadır", - nazirlik rəsmisi fikirlərinə əlavə edib.

Son xəbərlər

Orphus sistemi