Azərbaycanda yaşayış yeri haqqında arayışı şəxsiyyət vəsiqəsilə almaq mümkün olacaq

Azərbaycanda yaşayış yeri haqqında arayışı şəxsiyyət vəsiqəsilə almaq mümkün olacaq Arayış vətəndaşa müraciət etdiyi gün təxirəsalınmadan veriləcək
Sosial müdafiə
31 Avqust , 2015 19:45
Azərbaycanda yaşayış yeri haqqında arayışı şəxsiyyət vəsiqəsilə almaq mümkün olacaq

"ASAN xidmət"ə əlavə səlahiyyətlər verilib

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında" fərman imzalayıb.

"Report"un məlumatına görə, fərmanda qeyd olunur ki, daxil olan məlumatların təhlili bəzi dövlət qurumlarının müasir texnoloji yeniliklərdən istifadə etmədən, əhaliyə xidmətlərin göstərilməsi qaydalarını təkmilləşdirmədən, şəffaflığı təmin etmədən fəaliyyət göstərdiyini üzə çıxarır. Belə ki, mənzillərdə, fərdi yaşayış evlərində və digər yaşayış sahələrində qeydiyyatda olan şəxslərin uçotunu həyata keçirən mənzil-kommunal istismar sahələrində informasiyanın toplanması, sistemləşdirilməsi, saxlanması və arxivləşdirilməsi kağız daşıyıcılar üzərində aparılır, məlumatların yenilənməsi qeyri-mütəmadi və sistemsiz şəkildə həyata keçirilir, elektron vasitələrdən istifadə edilmir.

Elektron xidmətlər müasir dövrdə ictimai həyatın bütün sahələrinin, eləcə də iqtisadiyyatın və sahibkarlığın inkişafında mühüm rol oynayır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xüsusi razılıq (lisenziya), sertifikat və digər sənədlərin verilməsi prosedurlarının elektronlaşdırılması sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən işlərin səmərəliliyini daha da artıracaq.

Prezident İlham Əliyev dövlət xidmətlərinin göstərilməsində yeni standartların tətbiq edilməsini, innovasiyalardan və müasir texnologiyalardan istifadənin genişləndirilməsini, habelə şəffaflığın artırılmasını təmin etmək məqsədilə qərara alıb ki, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsində bu qaydalara riayət olunması, yəni arayışın “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) və digər informasiya sistemlərinin məlumatlarından istifadə edilməklə, elektron qaydada tərtib edilməsi, arayışın vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında və əlavə heç bir sənəd tələb edilmədən hazırlanması, arayışın vətəndaşın müraciət etdiyi gün təxirəsalınmadan verilməsi təmin edilməlidir.

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin etmək məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə “Elektron lisenziya” portalının yaradılmasını təmin etməlidir.

Eyni zamanda, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmana aşağıdakı məzmunda 5.6-1-ci və 5.11-1-ci bəndlər əlavə edilir:

“5.6-1. yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi;

5.11-1. şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması;”;

5.16-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilir və aşağıdakı məzmunda 5.17-ci bənd əlavə edilir:

“5.17. taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi, taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə “Fərqlənmə nişanı”nın verilməsi.”;

Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əsasnaməsi”ndə aşağıdakı məzmunda 3.1.7-3-cü yarımbənd əlavə edilir:

“3.1.7-3. mərkəzlərdə xüsusi notariusların fəaliyyətinin təşkili ilə bağlı müqavilələr bağlamaq və xüsusi notariuslar tərəfindən tutulan haqların Dövlət Agentliyinin xüsusi hesabına köçürülən hissəsini müəyyən etmək;”;

Fərmanla Daxili İşlər Nazirliyinə bir ay müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın formasını müəyyən etmək, bu fərmanın birinci hissəsində nəzərdə tutulmuş xidmətin “ASAN xidmət” mərkəzlərində və nazirliyin qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarında həyata keçirilməsini təmin etmək, Dövlət Miqrasiya Xidmətinə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğulara baxılması zamanı yaşayış yeri üzrə qeydiyyata dair məlumatların və digər zəruri informasiyanın elektron qaydada mübadiləsini Daxili İşlər Nazirliyi ilə birlikdə təmin etmək, Nəqliyyat Nazirliyinə taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi və taksi minik avtomobillərinə “Fərqlənmə nişanı”nın verilməsi xidmətlərinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsini təmin etmək, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə taksi minik avtomobillərinin xarici tərtibatına və texniki göstəricilərinə dair tələblərin sadələşdirilməsi üçün müvafiq tədbirlər görmək tapşırılıb. 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin qarşısına isə dövlət xidmətlərinin həyata keçirilməsi üçün zəruri olan informasiya sistemləri və ehtiyatlarının saxlanmasını və məlumatların şəxsin fərdi identifikasiya nömrəsi əsasında mübadiləsini həyata keçirən müvafiq infrastrukturun yaradılması ilə bağlı tədbirlər görmək, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydaları, elektron xidmətlərin təşkili və göstərilməsi üçün zəruri informasiya mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək, Azərbaycan Prezidenti Administrasiyasına taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi məqsədilə normativ hüquqi aktlarda dəyişikliklər edilməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək öhdəliyi qoyulub.

Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının üç ay müddətində bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat verməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməli, Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Son xəbərlər

Orphus sistemi