Azərbaycanda üç sahə üzrə əmək müqaviləsi bağlayanların 76 faizini qadınlar təşkil edir

Azərbaycanda üç sahə üzrə əmək müqaviləsi bağlayanların 76 faizini qadınlar təşkil edir Nazirlik: Əmək bazarında da qadınların rolu getdikcə artır
Sosial müdafiə
6 Mart , 2015 14:00
Azərbaycanda üç sahə üzrə əmək müqaviləsi bağlayanların 76 faizini qadınlar təşkil edir

Bakı. 6 mart. REPORT.AZ/ Təhsil pilləsi üzrə muzdla işləyən şəxslərin cinsə görə bölgüsündə ümumi təhsilli şəxslərin 39,1%-i, ali təhsilli şəxslərin 47,8%-i, orta ixtisas təhsilli şəxslərin 61,4%-i, ilk peşə-ixtisas təhsilli şəxslərin 24,7%-i qadınlardır. Bu barədə "Report"a Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.

"Azərbaycanda qadınların çalışdığı əsas fəaliyyət sahələri təhsil, səhiyyə, sosial xidmətlər, ticarət sahələridir. Azərbaycanda bütün sahələrdə olduğu kimi, əmək bazarında da qadınların rolu getdikcə artır və onlar öz əməyi ilə respublikamızın sosial-iqtisadi, ictimai-mədəni inkişafına öz dəyərli töhfələrini verir", - nazirliyin açıqlamasında bildirilib.

Cari ilin 1 mart tarixinə olan məlumata əsasən, ƏƏSMN-in əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində aktiv əmək müqaviləsi bildirişlərinin sayı 1 261 613 ədəddir ki, onların təqribən 47 faizi, yəni 592 275 ədədi məhz qadınlarla bağlanan əmək müqavilələridir.

Məlumatda qeyd olunub ki, bağlanmış əmək müqavilələrinin yaş qrupları üzrə bölgüsündə qadınların xüsusi çəkisi 40-54 yaş hədləri üzrə kişilərdən daha çoxdur. Belə ki, 40-44 yaş qruplarında bağlanılmış 124 377 əmək müqaviləsinin 53,4%-i, 45-49 yaşlarında olan şəxslərlə bağlanılmış 142 173 əmək müqaviləsinin 54,1%-i, 50-54 yaş qruplarında bağlanılmış 162 103 əmək müqaviləsinin 51,6%-i qadınlarla bağlanıb.

Hazırda Azərbaycanda təhsil, səhiyyə və sosial xidmətlər sahələrində əmək müqaviləsi bağlanılanların 76-78 faizini qadınlar təşkil edir.

Son xəbərlər

Orphus sistemi