"Azərbaycanda qadınların siyasi iştirakçılığı" mövzusunda dinləmə keçirilib - FOTO

"Azərbaycanda qadınların siyasi iştirakçılığı" mövzusunda dinləmə keçirilib - FOTO Azərbaycanda elmi fəaliyyətlə məşğul olanların isə 53,2 faizini qadınlar təşkil edir
Sosial müdafiə
3 Noyabr , 2015 13:06
Azərbaycanda qadınların siyasi iştirakçılığı mövzusunda dinləmə keçirilib - FOTO

Bakı. 3 noyabr. REPORT.AZ/ Bakıda "Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkili" layihəsi çərçivəsində "Azərbaycanda qadınların siyasi iştirakçılığı" mövzusunda növbəti dinləmə keçirilib. "Report"un xəbərinə görə, tədbirdə elan olunub ki, "Qadın Konsensus Mərkəzi" İctimai Birliyinin (İB) təşkilatçılığı ilə keçirilən layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırıb.

"Qadın Konsensus Mərkəzi" İB-nin rəhbəri Aynur Camalqızı bildirib ki, Azərbaycanda vəzifədə və ictimai işlərdə iştirak edən qadınların sayı durmadan artır: "Qadınlar və onların aktivliyi həmişə Azərbaycan dövlətinin diqqət mərkəzində olub. Bunun nəticəsidir ki, ölkənin 85 rayonu üzrə icra hakimiyyəti başçısının qadın müavinlərinin sayı artaraq 78-ə çatıb. Bu yaxınlarda İradə Gülməmmədova Abşeron İcra Hakimiyyətinin başçısı təyin edildi. Bələdiyyə üzvü seçilən qadınların sayı əvvəlki seçkilərə nisbətən artaraq 35 faizə qalxıb". 

Bu günlərdə Milli Məclisə keçirilən seçkilərdən danışan Aynur Camalqızının sözlərinə görə, bu istiqamətdə də irəliləyiş olub: "İlkin nəticələrə görə 125 millət vəkilindən 21-i qadındır. Ötən seçkilərdə onların sayı 20 olmuşdu. Ümumiyyətlə, qadın namizədlər bu seçkidə xüsusi fəallıq göstərdilər. Qeydə alınan namizədlərdən 20 faizi qadın olub. Qadınlar faiz etibarilə çoxluq təşkil etməsələr də, seçkiqabağı təbliğat işlərini çox aktiv qurdular, bu aktivlik sayəsində də qadınların seçkidə fəal iştirakı diqqətdən kənar qala bilməzdi". 

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov xatırladıb ki, şərqdə ilk dəfə qadınlara seçmək seçilmək hüququ məhz Azərbaycanda verilib: "Qadınların hüquqlarının təmin olunması ilə bağlı Azərbaycan bir sıra konvensiyalara qoşulub. Görülən işlərdə əsas məqsəd qadınların bütün sahələrdə rolunu artırmaq olub. Son statistikaya əsasən, Azərbaycanda dövlət qulluğunda çalışanların 28,5 faizi qadınlardır. Azərbaycanda elmi fəaliyyətlə məşğul olanların isə 53,2 faizini qadınlar təşkil edir". 

Deputat Məlahət İbrahimqızı çıxışında bildirib ki, Azərbaycanda qadın siyasəti gənclər siyasəti ilə bərabər götürülür: "Bütün bunlara baxmayaraq Azərbaycan qadınının özünə məxsus əsas xüsusiyyəti ana olmaq və vətənə layiq övlad böyütməkdir". 

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib ki, Azərbycanda daim gender bərabərliyi olub: "Bütün bunlar bizim tariximizə köklənib. Azərbaycan qadını türk qadını olaraq həmişə azad olub. Bu gün də ölkənin bütün sahələrində qadınlarımız fəal iştirak edir. Milli Məclisə seçkilərdə qadınların fəal iştirak etdiyi müşahidə olundu. Bu, müsbət göstəricisidir. Amma bu gün qadınların erkən nikah və vətəndaş nikahı kimi çox böyük problemləri var, bu məsələləri diqqətdə saxlamaq lazımdır". 

Deputat Çingiz Qənizadə isə rayon və kəndlərdə yaşayan qadınların fəal şəkildə  ictimai proseslərdə iştirak edə bilmədiyini diqqətə çatdırıb: "Digər problemlərdən biri məişətdaxili zorakılıqdır. Vətəndaş nikahı və bu nikahdan dünyaya gələn uşaqların məsələləri ilə bağlı qanunda boşluqlar var. Bu məsələlər həll olunmalıdır".

Daha sonra tədbirdə digər millət vəkilləri, siyasi partiyaların qadın təşkilatlarının nümayəndələri və fəal ictimai mövqeyə malik qadınlar çıxış ediblər. 

Qeyd edək ki, Qadın Konsensus Mərkəzinin "Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkili" layihəsi çərçivəsində 5 ictimai dinləmə-seminarın keçirilməsi də nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi