Azərbaycanda qadın və yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərin statistikası açıqlanıb

Azərbaycanda qadın və yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərin statistikası açıqlanıb Aynur Veysəlova: "Cinayətlərin amansızlığı, qəddarcasına baş verməsi narahatlıq doğurur"
Sosial müdafiə
5 Sentyabr , 2015 17:15
Azərbaycanda qadın və yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərin statistikası açıqlanıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycanda məişət zəminində qadın və yetkinlik yaşına çatmayanlara qarşı törədilən cinayətlərin rəsmi statistikası açıqlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi informasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova "Report"a bildirib ki, ailə münaqişəsi, qısqanclıq və digər məişət halları zəminində qadın və yetkinlik yaşına çatmayanlara qarşı törədilən cinayətlərin sayı dinamikdir.

Baş məsləhətçi deyib ki, 2015-ci ilin ilk üç ayı ərzində ailə münaqişəsi, qısqanclıq və digər məişət halları zəminində 168 cinayət baş verib: "Onların 167-si qadınlara, 1-i yetkinlik yaşına çatmayan uşaqlara qarşı törədilib".

Onun sözlərinə görə, bu istiqamətdə törədilən cinayətlərin sayı 2013-cü ildə 713 olub: "Onlardan 686-sı qadınlara, 27-si yetginlik yaşına çatmayanlara qarşı, 2014-cü ildə isə bu rəqəmlər müvafiq olaraq 782 və 27 olub".

A.Veysəlova qeyd edib ki, cinayətlərin amansızlığı, qəddarcasına baş verməsi narahatlıq doğurur: "İnsanların münasibətlərində həddindən artıq aqressivliyə meyil var. Biri digərini dinləmir, qəbul etmək istəmir və bu narazılıqlar o dərəcəyə gəlib çıxır ki, insanlar hətta həyat yoldaşlarına qatı düşmən münasibəti bəsləyirlər".

Komitə təmsilçisi əlavə edib ki, hər bir hadisənin öncə səbəbləri araşdırılmalıdır: "İnsanın ailə qurmamışdan əvvəl hansı mühitdə yaşaması, hansı tərbiyəni alması, təhsil səviyyəsi, dünyagörüşü, tərəf müqabili ilə psixoloji, psixososial, fizioloji uyuşmaları çox vacib məsələdir. Belə uzlaşmalar ailənin uzunömürlü, davamlı olması üçün vacibdir. Bu məsələlərin Azərbaycanda nəzərə alınmaması təəssüfləndirici haldır".

Son xəbərlər

Orphus sistemi