Azərbaycanda ömür uzunluğu 74 yaşa çatıb

Azərbaycanda ömür uzunluğu 74 yaşa çatıb Səlim Müslümov: "2015-ci ilin ilk iki ayı ərzində ölkədə 27,9 min, yaxud hər gün orta hesabla 473 körpə doğulub"
Sosial müdafiə
16 Aprel , 2015 11:06
Azərbaycanda ömür uzunluğu 74 yaşa çatıb

Bakı. 16 aprel. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Dünya Bankının layihəsi çərçivəsində Azərbaycanda demoqrafik vəziyyətlə əlaqədar aparılmış araşdırmanın nəticələri təqdim olunub. 

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda davamlı iqtisadi tərəqqidən bəhs edərək, Prezident İlham Əliyevin sosialyönümlü siyasəti nəticəsində sosial rifah göstəricilərinin da mütəmadi olaraq yüksəldiyini vurğulayıb: "Bu gün dünyada sabitlik və inkişaf adası kimi xarakterizə olunan, yoxsulluq səviyyəsinin kəskin şəkildə azalaraq 5 faizə, işsizliyin 4,9 faizə endiyi Azərbaycan eyni zamanda demoqrafik sabitliyin hökm sürdüyü bir ölkədir. 1994-cü ildən sonra ötən dövrdə Azərbaycan əhalisinin sayı sabit qaydada artaraq 2015-ci il martın əvvəlinə 9,6 milyonu ötüb. Əhalinin illik artım tempinin 1,3 faiz təşkil etdiyi Azərbaycan bu göstərici ilə Avropada ilk yeri tutur. Həmçinin körpə və uşaq ölümü halları müvafiq olaraq 2,3 dəfə və 3,5 dəfə azalıb. Təkcə cari ilin yanvar-fevral ayları ərzində doğulanların sayı ölənlərin sayından 18,5 min nəfər çox olub. 2015-ci ilin ilk iki ayı ərzində ölkədə 27,9 min, yaxud hər gün orta hesabla 473 körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 18,2 təşkil edib".

Azərbaycanda doğulanda gözlənilən ömür uzunluğunun da 4,6 il artaraq 74,2 yaşa çatdığını qeyd edən nazir ölkədə əhali sakinliyi və demoqrafiya sahəsində siyasətin BMT-nin "Əhali və İnkişaf" üzrə Fəaliyyət Proqramının prinsiplərinə uyğun şəkildə uğurla davam etdirildiyini diqqətə çatdırıb. S.Müslümov bildirib ki, dövlət başçısının 1999-cu il 9 dekabr tarixli 290 nömrəli sərəncamı ilə təsdiq edilən "Demoqrafik İnkişaf Konsepsiyası" və digər normativ-hüquqi sənədlər əsasında "Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı" (2014-2025-ci illər) layihəsi hazırlanıb: “Bu Proqram layihəsində respublikada mövcud demoqrafik proseslərin təhlili əsasında bu sahənin gələcək on il ərzində inkişaf istiqamətləri, həyata keçiriləcək zəruri tədbirlər əksini tapıb. Proqram layihəsi ictimai müzakirəyə çıxarılmaqla, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının təklifləri əsasında təkmilləşdirilib".

Nazir Dünya Bankı ilə uğurlu əməkdaşlıq təcrübəsini vurğulayaraq, Azərbaycanda demoqrafik amillərlə əlaqədar aparılmış araşdırmanın nəticələrinin, aparılacaq təhlillərin, veriləcək təkliflərin bu sahədə siyasətin daha da inkişaf etdirilməsi baxımından səmərəli olacağına əminliyini ifadə edib. Daha sonra Dünya Bankının baş iqtisadçısı Nistha Sinha tərəfindən qeyd olunan araşdırmanın nəticələri, əhalinin cins tərkibinin pozulması halları müşahidə olunan ölkələrdə (məsələn, Çin, Cənubi Koreya, Hindistan və s.) bu problemə qarşı görülən tədbirlərin səmərəsi, bu tədbirlərin Azərbaycanda tətbiqi imkanları, demoqrafik siyasətlə bağlı təkliflər səslənib. Səslənən məlumat və təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi