Azərbaycanda narkotik istifadəçilərin yaş həddinin cavanlaşması prosesi müşahidə olunur

Azərbaycanda narkotik istifadəçilərin yaş həddinin cavanlaşması prosesi müşahidə olunur 14 yaşında 1 nəfər, 15-17 yaş arasında isə 6 nəfər rəsmi qeydiyyatdadır
Sosial müdafiə
11 Aprel , 2016 11:37
Azərbaycanda narkotik istifadəçilərin yaş həddinin cavanlaşması prosesi müşahidə olunur

Bakı. 11 aprel. REPORT.AZ/ "Son illər ölkədə narkotik istifadəçilərinin sayında artma tendensiyası ilə yanaşı, istifadəçilərin yaş həddində cavanlaşması prosesi müşahidə olunur. Belə ki, respublikada qeydiyyatda olan narkotik istifadəçilərini yaş qruplarına görə bölsək, təəssüf ki, 14 yaşında 1 nəfər, 15-17 yaş arasında isə 6 nəfər rəsmi qeydiyyatdadır". "Report"un məlumatına görə, bunu Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Afət Məmmədova jurnalistlərə açıqlamasında deyib.

Narkotik maddə istifadəsinin təkrarlanan bir xəstəlik olduğunu və bu xəstəliyin başlanmasında 18-20 yaş qrupunun üstünlük təşkil etdiyini vurğulayan şöbə müdirinin sözlərinə görə, Azərbaycanda narkotik maddə istifadəsinin geniş yayılmasının ən mühüm səbəbi ölkənin tranzit mövqedə yerləşməsidir.

O, həmçinin əlavə edib ki, nəinki Azərbaycanda, eləcə də dünyada narkotika aludəçiliyindən tam olaraq sağalma faizini və ya rəqəmini söyləmək qeyri-mümkündür: “Bu xəstəliyin təkrar yaranma ehtimalı var. Çünki bu tibbi xəstəlik olmaqla yanaşı, sosial xəstəlikdir”.

A.Məmmədova onu da qeyd edib ki, QİÇS-lə Mübarizə Mərkəzinin təqdim etdiyi rəqəmin 50-60 %-ni narkomanlar təşkil edir: “Yəni, onlar QİÇS-in yayılmasında birbaşa risk qrupu oynayan narkotik maddə istifadəçiləridir”.

Son xəbərlər

Orphus sistemi