​Azərbaycanda “Milli üçtərəfli sosial dialoq üzrə institusional strukturun yaradılması” mövzusunda seminar keçirilib

​Azərbaycanda “Milli üçtərəfli sosial dialoq üzrə institusional strukturun yaradılması” mövzusunda seminar keçirilib Tədbirin sonunda Azərbaycanda Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması ilə bağlı qərar qəbul olunub
Sosial müdafiə
11 Noyabr , 2014 12:05
​Azərbaycanda “Milli üçtərəfli sosial dialoq üzrə institusional strukturun yaradılması” mövzusunda seminar keçirilib
Bakı. 11 noyabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı, sosial tərəfdaşların iştirakı ilə “Milli üçtərəfli sosial dialoq üzrə institusional strukturun yaradılması” mövzusunda seminar keçirilib. Tədbirin keçirilməsində məqsəd BƏT-in dəstəyi ilə bir sıra Avropa ölkələrində sosial tərəfdaşlar arasında üçtərəfli komissiyaların fəaliyyəti ilə tanış olmaq, təcrübə mübadiləsi aparmaq, Azərbaycanda Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təşkili sahəsində görüləcək işlərin istiqamətlərini müəyyən etmək olub.

Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda sosial-iqtisadi tərəqqinin davamlı xarakter aldığını və bu proseslərdə sosial partnyorların iştirakının vahid mövqedən və daha sistemli, konkret yanaşmalar əsasında təşkilinin qarşıda duran vəzifələrdən olduğunu vurğulayıb: “Bunun üçün hökumət, həmkarlar və işəgötürənlər arasında sosial tərəfdaşlıq sisteminin institusional struktur vahidi kimi formalaşdırılması, yəni Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması məsələsi gündəlikdədir. Azərbaycan Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası (ASK) arasında bağlanan Baş Kollektiv Sazişlərdə də belə komissiyanın yaradılması barədə öhdəlik əksini tapıb”.

Nazir bildirib ki, mütərəqqi dünya təcrübəsində bununla bağlı çoxsaylı nümunələr var: “Avropa İttifaqına üzv dövlətlərin bir çoxunda, o cümlədən Avstriya, Fransa, Belçika, İtaliya və başqa ölkələrdə, habelə qardaş Türkiyədə, MDB dövlətlərindən Rusiya, Moldova və Ukraynada da belə üçtərəfli komissiyalar mövcuddur. Təbii ki, bu qurumlar öz ölkələrində sosial-iqtisadi siyasətin hazırlanması və uğurla icrasına, əmək və sosial hüquqların təmin olunmasına fəal dəstək verir”.

Üçtərəfli Komissiyanın əmək münasibətlərinin tərəfləri (dövlət, işəgötürənlər və işçilər) arasında daha səmərəli əlaqələndirilməsində mühüm vasitə olduğunu bildirən S.Müslümov qeyd edib ki, Azərbaycanda hər üç tərəfin yüksək nümayəndəli orqanı - Nazirlər Kabineti, AHİK və ASK var: “Bu orqanlar arasında hər üç ildən bir bağlanan Baş Kollektiv Sazişdə onların öhdəlikləri müəyyən edilir. Bu öhdəliklərin daha uğurlu icrası üçün tərəflər arasında əlaqəli fəaliyyətin gücləndirilməsi vacibdir və üçtərəfli komissiyanın yaradılması bunun üçün mühüm vasitə olacaq. Komissiyanın yaradılmasında əsas məqsəd ölkədə sоsial-iqtisadi siyasətin aparılmasında razılaşdırılmış ümumi prinsiplərin müəyyən olunması üçün təkliflərin verilməsi, sоsial-əmək münasibətlərinin tənzimlənməsi və sоsial sabitliyin daha da möhkəmlənməsi üçün sosial dialoqun inkişafına dəstək verməkdir”.

Nazir onu da bildirib ki, Komissiya kollektiv danışıqların aparılması, növbəti Baş Kollektiv Sazişlərin layihələrinin hazırlanması üzrə işlərin əlaqələndirilməsi, məşğulluq, sosial təminat sahələrində qanunvericilik layihələrinin hazırlanmasında, habelə beynəlxalq əmək normalarının ratifikasiyası və tətbiqində məsləhətləşmələrin aparılması, sosial-əmək münasibətlərinin tənzimlənməsinə yardım edilməsi və başqa vəzifələri yerinə yetirəcək. Həmçinin, müvafiq beynəlxalq təcrübə öyrəniləcək, aidiyyəti beynəlxalq tədbirlərdə tərəflərin iştirakı təmin olunacaq, görüləcək işlər barədə mütəmadi ictimai məlumatlandırma təmin ediləcək: “Qeyd olunan Komissiyanın yaradılması barədə təkmilləşdirilmiş layihə bu ilin avqustunda hökumətə təqdim edilib və hazırda layihənin razılaşdırılması istiqamətində iş aparılır”.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev isə ölkədə mütərəqqi dünya təcrübəsi əsasında sosial tərəfdaşlıq sahəsində fəaliyyətin təkmilləşdirilməsinin də mühüm vəzifələrdən olduğunu vurğulayıb. E.Mehdiyev vətəndaşların əmək hüquqlarının təminatında birgə səylərin artırılmasına xidmət edəcək Üçtərəfli Komissiyanın nəticə etibarı ilə korporativ sosial məsuliyyətin formalaşdırılması üçün sosial dialoqun gücləndirilməsində mühüm vasitə olacağını və insanların gələcəkdə layiqli pensiya təminatı hüquqlarına sahib olmalarına da müsbət təsirini göstərəcəyini bildirib.

AHİK sədri, deputat Səttar Mehbalıyev həmkarlar təşkilatlarının sosial tərəfdaşlıq müstəvisində səylərini artırmağa hazır olduğunu qeyd edib. O bildirib ki, əmək və sosial hüquqların təmin olunmasında sosial tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, bunun üçün ən yaxşı alət kimi Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın formalaşdırılması vacibdir. Bu sahədə qabaqcıl dünya təcrübəsindən istifadə edilməsi də məqsədyönlü ola bilər.

ASK-nın baş katibi Natəvan Məmmədova yaradılacaq Komissiyanın Baş Kollektiv Sazişin icrası prosesində işəgötürənlərin də daha fəal iştirakına imkan yaradacaq.

N.Məmmədova sosial tərəfdaşlar arasında Üçtərəfli Komissiyanın yaradılmasının bütün tərəflərin yekdil məramı olduğunu və bu yöndə ASK tərəfindən bütün lazımi tədbirlərin görüləcəyini vurğulayıb.

BƏT-in İdarəetmə məsələləri üzrə Departament direktorunun müavini Kamran Fənnizadə sosial tərəfdaşlıq əlaqələrinin daha sistemli şəkildə qurulmasının sosial-əmək münasibətlərinin arzuolunan səviyyədə tənzimlənməsi üçün mütərəqqi təcrübədə sınaqdan çıxmış uğurlu vasitə olduğunu bildirib. O, BƏT-in müvafiq konvensiyalarında da sosial tərəfdaşlığın mütəmadi təbliğ edildiyini, Azərbaycanda üçtərəfli sosial dialoq üzrə institusional strukturun yaradılması prosesinin BƏT tərəfindən daim dəstəkləndiyini vurğulayıb.

Seminarda üçtərəfli sosial dialoq üzrə institusional strukturun yaradılması sahəsində beynəlxalq təcrübə, habelə Azərbaycanda üçtərəfli sosial dialoqun mövcud vəziyyəti barədə məlumatlar verilib, yaradılacaq komissiyanın hüquqi və institusional çərçivəsi, onun təşkili üzrə görüləcək işlər müzakirə olunub. Müzakirələrin yekunu olaraq, Azərbaycanda Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılmasının sosial tərəfdaşlar tərəfindən dəstəklənməsi, Komissiyanın fəaliyyətinin maliyyələşdirilməsinin proporsional əsaslarla həyata keçirilməsi ilə bağlı səylərin artırılması, BƏT tərəfindən bu Komissiyanın yaradılması üçün texniki dəstək göstərilməsi barədə yekdilliklə qərar qəbul olunub.

Son xəbərlər

Orphus sistemi