Azərbaycanda ixtisassız işçi qüvvəsinə verilən iş icazəsi qaydaları sərtləşdiriləcək

Azərbaycanda ixtisassız işçi qüvvəsinə verilən iş icazəsi qaydaları sərtləşdiriləcək Yüksək ixtisaslı mütəxəssislərin ölkənin əmək bazarına cəlb edilməsi üçün patentləşdirmə sisteminin yaradılması barədə təkliflər hazırlanıb
Sosial müdafiə
14 İyul , 2015 18:04
Azərbaycanda ixtisassız işçi qüvvəsinə verilən iş icazəsi qaydaları sərtləşdiriləcək

Bakı. 14 iyul. REPORT.AZ/ "MDB məkanında ilk dəfə olaraq Azərbaycanda qurulan əmək müqavilələrinin elektron qeydiyyatı sistemi əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkilinə imkan yaradıb. Bu ilin iyulun 1-nə həmin sistemə 55 min işəgötürən 1 milyon 262 min aktiv işçi üzrə 2 milyon 360 min əmək müqaviləsi bildirişi daxil edib". "Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Nazirin sözlərinə görə, sistemdəki dəyişikliklər ölkənin əmək bazarındakı prosesləri izləməyə və müvafiq təkliflər hazırlamağa imkan verir: "Belə ki, iqtisadi fəallığın və investisiya qoyuluşlarının azalması ilə bağlı əksər ölkələrdə baş verən iş yerlərinin böyük həcmli ixtisarı Azərbaycanda müşahidə olunmur. Ölkənin əmək bazarı xaricilər üçün cəlbedici olaraq qalır. Bu ilin 6 ayı ərzində nazirliyə xarici vətəndaşlara iş icazəsinə rəy verilməsi üçün Dövlət Miqrasiya Xidmətindən 9357 müraciət daxil olub. Bu da ötən ilin ilk 6 ayına nisbətən 11,8 faiz çoxdur. Təəssüf ki, bu müraciətlərin yalnız 7 faizə yaxını yüksək ixtisaslı mütəxəssislərə aid olub".

Nazir, həmçinin Prezidentin 2014-cü il 24 dekabr tarixli fərmanına uyğun olaraq, yüksək ixtisaslı mütəxəssislərin Azərbaycanın əmək bazarına cəlb edilməsi üçün patentləşdirmə sisteminin formalaşdırılması, ixtisassız işçi qüvvəsinə verilən iş icazəsi qaydalarının isə sərtləşdirilməsi barədə təkliflər hazırlandığını da diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi