Əlillik müayinəsində mütərəqqi beynəlxalq yanaşmaların tətbiqi məsələləri müzakirə olunub

Əlillik müayinəsində mütərəqqi beynəlxalq yanaşmaların tətbiqi məsələləri müzakirə olunub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Lənkəranda zona müşavirəsi keçirib
Sosial müdafiə
14 Mart , 2015 14:18
Əlillik müayinəsində mütərəqqi beynəlxalq yanaşmaların tətbiqi məsələləri müzakirə olunub

Bakı. 14 mart. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Lənkəran rayonunda bu rayonun və Lerik, Astara, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarının Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK), səhiyyə müəssisələrinin və həkim-məsləhət komissiyalarının rəhbər şəxsləri və əməkdaşlarının iştirakı ilə zona müşavirəsi keçirilib.

“Report” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə tibbi-sosial ekspertiza sisteminin təkmilləşdirilməsi sahəsində aparılan islahatlar barədə məlumat verən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov əsas məqsədin bu sahənin avtomatlaşdırılması və əlilliyin müəyyən olunmasında mütərəqqi yanaşmaların tətbiqi olduğunu vurğulayıb: “Nazirlik tərəfindən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sistemi hazırlanaraq istifadəyə verilib. Hazırda müvafiq qurumlar arasında əlilliklə bağlı sənəd dövriyyəsi bu sistemdə elektron mübadilə şəraitində aparılır. Səhiyyə Nazirliyinin təsdiq etdiyi göndəriş formaları TSEK-lər tərəfindən elektron şəkildə qəbul edilir, əlillik təyinatı barədə qəbul edilmiş qərarlar isə sistemdəki elektron bazaya yerləşdirilir”.

Nazir müavini bütün TSEK-lərin bu sistemdə işləmək üçün e-imza ilə təmin edildiklərini və treninqlər vasitəsilə müvafiq bacarıqlara malik olduqlarını bildirib: “Digər tərəfdən, elektron-informasiya sisteminin tətbiqi şəraitində bu gün əlilliyin müəyyən olunmasının və onun nəticələrinin xəstəliklərin beynəlxalq təsnifatından irəli gələn prinsiplərə uyğunlaşdırılması işləri aparılır. Bununla əlaqədar göndəriş formalarının tərtibi, xəstəliklərin, əsas və yanaşı diaqnozların qeydiyyatı prosedurunun təkmilləşdirilməsi diqqətdə saxlanılır. Keçirilən bu müşavirədə də məqsəd bu sahədə qarşıda duran məsələlərin birgə müzakirəsidir”.

Müşavirədə ƏƏSMN-in Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev əlillik təyinatı üçün göndəriş formalarının tərtib olunması sahəsində mövcud vəziyyət barədə məlumat verib, həmin formaların təkmilləşdirilməsi zərurətindən söz açıb.

Nazirliyin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin iş prinsipləri, göndəriş formalarının ümumi elektron informasiya sisteminə inteqrasiyası, əlillik müayinələrinin nəticələrinin elektron məlumat bazasına daxil edilməsi və s. barədə praktik məlumat verib.

Tədbir qeyd olunan göndəriş formalarının təkmilləşdirilməsi, əlillik müayinəsi üçün əsas və yanaşı diaqnozların düzgün müəyyən edilməsi, əlillik müayinələrinin nəticələrinin müvafiq beynəlxalq təsnifata uyğunlaşdırılması məsələləri ətrafında müzakirələrlə davam edib.

Son xəbərlər

Orphus sistemi