Azərbaycanda Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Poqramı” hazırlanıb

Azərbaycanda Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Poqramı” hazırlanıb Səlim Müslümov: “Bu proqramın imzalanması ölkədə sosial inkişaf naminə mühüm məqsədlərin reallaşmasına yönələn növbəti addım olacaq”
Sosial müdafiə
16 İyun , 2016 10:55
Azərbaycanda Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Poqramı” hazırlanıb

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında əməkdaşlıq çərçivəsində “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Poqramı” hazırlanıb.

“Report”un xəbərinə görə, yeni proqramda əksini tapan prioritetlərin, onların layiqli əmək üzrə beynəlxalq normalara uyğunluğunun, habelə Proqramın icrası yönündə görüləcək işlərin müzakirə edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və BƏT-in nümayəndələrinin iştirakı ilə konfrans keçirilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, hazırda, yəni BƏT-in 1944-cü ildə “Müharibədən sülhə keçid dövründə məşğulluq haqqında” məşhur 71 saylı tövsiyyələrinin qəbulundan 72 il sonra Beynəlxalq Əmək Konfransında “Fəlakətlər öncəsi sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsi məqsədilə layiqli əmək” mövzusu üzrə normaların yaradılmasının müzakirə edilməsi dünyada baş verən proseslərin gərginliyini bir daha ortaya qoyur.

S.Müslümov bildirib ki, Azərbaycan Hökuməti ilə BƏT arasında əməkdaşlıq çərçivəsində 2016-2020-ci illər üçün birgə fəaliyyət istiqamətlərini müəyyən edən Layiqli Əmək üzrə Ölkə Proqramının imzalanması ölkədə sosial inkişaf naminə mühüm məqsədlərin reallaşması yönündə növbəti addım olacaq. Layiqli əmək hər hansı ayrı-seçkilik istisna olmaqla, insanın azad, bərabər, təhlükəsiz və ləyaqətinə hörmət şəraitində əmək hüququnun təminatı deməkdir. Bütövlükdə Layiqli Əmək Konsepsiyası işçilərin əmək hüququ, məşğulluq, sosial müdafiə və sosial dialoq kimi 4 komponentə əsaslanır. Onun indikatorlarını isə layiqli əməyə nail olmaq üçün mövcud beynəlxalq və milli standartlar təşkil edir. Azərbaycanda bu prinsiplərə tam cavab verən vətəndaş hüquqları ölkənin Konstitusiyasında, BƏT-in ratifikasiya edilmiş 57 Konvensiyasında, əmək və sosial müdafiə üzrə milli qanunvericilikdə bəyan olunub.

MDB məkanında ilk dəfə Azərbaycanda qurulmuş əmək müqavilələrinin elektron qeydiyyatı sisteminin üstünlüklərini önə çəkən nazir bildirib ki, ölkədə layiqli əmək üzrə fəaliyyət prioritetləri gənclərin məşğulluğunun artırılması məqsədlərini da əhatə edir. Həmçinin qeyri-formal məşğulluğun aradan qaldırılması, əhalinin özünüməşğulluğunun inkişafı, uşaq əməyinin qadağan olunması məsələlərinə xüsusi diqqət yetirilir. Sosial problemlərin həllində gender məsələləri də böyük önəm kəsb edir.

S.Müslümov vurğulayıb ki, ölkəmizdə gənclərin məşğulluğu sahəsində aparılan işlər beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Azərbaycan MDB-də yeganə dövlətdir ki, gənclərin məşğulluq problemlərinin həlli üzrə BƏT tərəfindən dünyada 10 lider ölkə sırasına daxil edilib. Bir çox beynəlxalq forumlarda Azərbaycan Prezidentinin 26 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın, həmçinin onun həyata keçirilməsini təmin edən iki Dövlət Proqramının, 2006-2009-cu illər üçün Layiqli Əməyin Təminatı üzrə birinci Ölkə Proqramının, digər sosial yönümlü dövlət proqramlarının uğurlu icrası vurğulanıb.

Nazir BƏT-in “MDB-də gənclərin məşğulluğu sahəsində əməkdaşlıq” layihəsi çərçivəsində ölkəmizdə görülən işlərdən, o cümlədən “Ali təhsilli, ilk dəfə işaxtaran gənclərin işlə təmin olunmasına dəstək”, “Gənclərin məşğulluğu subsidiya proqramı” pilot layihələrindən bəhs edib. S.Müslümov BƏT tərəfindən gənclərin məşğulluğu sahəsində MDB-də ən yaxşı iş təcrübələri üzrə keçirilmiş müsabiqədə ölkəmizin birinci yerə layiq görüldüyünü, BƏT-in Diplomu ilə təltif edildiyini bildirib.

S.Müslümov 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramının hazırlanmasının BƏT-lə Azərbaycan Hökuməti arasında sıx əməkdaşlığın nəticəsi olduğunu qeyd edib: “Layiqli Əmək Konsepsiyası əsasında güclü, dayanıqlı, tarazlaşdırılmış, inklüziv, kifayət qədər iş yerləri olan iqtisadi artımın təmin edilməsi yolu ilə işsizliyin azaldılması, sosial rifahın yaxşılaşdırılması, əmək bazarına gənclərin, qadınların və digər sosial cəhətdən həssas əhali qruplarının inteqrasiyası, bacarıqların artırılması, nəticədə əmək məhsuldarlığının yüksəldilməsinə kompleks yanaşmaların və innovasiya elementlərinin tətbiqi ilə nail olunması nəzərdə tutulur”.

Nazir konfransda aparılacaq müzakirələrin nəticələrinin ölkəmizdə yeni Məşğulluq Strategiyasının, yəni gələcək on il üçün məşğulluq siyasətinin formalaşdırılmasına da öz töhfəsini verəcəyini, yeni təşəbbüsləri müəyyən edəcəyini, işsizlik probleminin həllində sosial tərəfdaşların məsuliyyətini, vətəndaş cəmiyyətinin iştirakını artıracağını bildirib.

AHİK-in sədri Səttar Mehbalıyev layiqli əməyin təminatının hər bir ölkə üçün sosial-iqtisadi inkişafın əsas göstəricilərindən biri olduğunu, ölkəmizdə sosial tərəfdaşlıq müstəvisində aparılan işlərin mühüm bir istiqamətinin işçilərin layiqli əməyinin təmin edilməsinə yönəldiyini vurğulayıb. S.Mehbalıyev ötən dövrdə respublikada BƏT-lə əməkdaşlıq şəraitində layiqli əməyin təminatı sahəsində aparılan ardıcıl və məqsədyönlü islahatların bu sahədə növbəti irəliləyişlərə əlverişli zəmin yaratdığını vurğulayıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ölkəmizdə aparılan sosial siyasətin mühüm komponentləri sırasında layiqli əməyin təminatının mühüm yer tutduğunu qeyd edərək, ötən müddətdə əmək və məşğulluq sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi işlərində də bu amilin daim diqqətdə saxlanıldığını bildirib. H.Rəcəbli layiqli əməyin sosial-iqtisadi inkişaf üçün əsas şərtlərdən biri olduğunu, bu sahədə respublikamızda həyata keçirilən kompleks tədbirlərdə mütərəqqi beynəlxalq normaların

ASK-nın vitse-prezidenti Vüqar Zeynalov layiqli əmək amilinin əməyin məhsuldarlığının artırılması və nəticə etibarilə iqtisadiyyatın uğurlu inkişafı baxımından da xüsusi önəm kəsb etdiyini bildirib. O, əmək qanunvericiliyinin təkmilləşdirilməsində, işçi hüquqlarının etibarlı müdafiəsində, layiqli əməyin təminatı üzrə dövlət siyasətinin icrasında Konfederasiyanın yaxından iştirak etdiyini bildirib. V.Zeynalov Konfederasiyanın ölkədə layiqli əməyin təminatı sahəsində uğurlu addımların atılmasına sosial tərəfdaşlıq çərçivəsində öz töhfələrini vermək əzmində olduğunu diqqətə çatdırıb.

BƏT-in məşğulluq üzrə baş mütəxəssisi Olqa Kulayeva ötən dövrdə BƏT-lə Azərbaycan arasında fəal əməkdaşlıq müstəvisində görülən işlərin ölkədə layiqli əmək siyasətinin formalaşdırılması və inkişafı məsələlərini də əhatə etdiyini bildirib. O, Azərbaycanda layiqli əməyin təminatı istiqamətində aparılan siyasətin BƏT tərəfindən yüksək dəyərləndirildiyini, növbəti Ölkə Proqramının hazırlanmasının bu sahədə yeni irəliləyişlərə hesablandığını qeyd edib.

Daha sonra son illərdə Azərbaycanda layiqli əməyin təminatı sahəsində görülən işlərə dair sosial tərəfdaşlar tərəfindən təqdimatlar edilib. BƏT-in Moskva ofisinin proqram üzrə əməkdaşı İrina Melex təmsil etdiyi təşkilatın Layiqli Əmək üzrə Ölkə Proqramının hazırlanması ilə bağlı yanaşmalarını diqqətə çatdırıb. Konfransda Proqramın 3 prioriteti (inkluziv artım üçün layilqi məşğulluq imkanlarının və keyfiyyətli işlərin təşviq edilməsi, sosial müdafiə və iş şəraitlərinin yaxşılaşdırılması, əmək idarəçiliyi və sosial dialoq mexanizmləriin gücləndirilməsi) və nəticələri ilə bağlı qrup şəklində müzakirələrin aparılması, təqdimatların edilməsi, iştirakçılar tərəfindən yekun rəylərin təqdim olunması da nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi