​Azərbaycanda 1100 nəfərə yaxın şəxs sosial xidmət müəssisələrində daimi dövlət təminatında yaşayır

​Azərbaycanda 1100 nəfərə yaxın şəxs sosial xidmət müəssisələrində daimi dövlət təminatında yaşayır Ötən il sosial xidmət müəssisələrindən ümumilikdə 70 nəfər ailələrinə qayıdıb
Sosial müdafiə
11 Fevral , 2016 14:03
​Azərbaycanda 1100 nəfərə yaxın şəxs sosial xidmət müəssisələrində daimi dövlət təminatında yaşayır

Bakı. 11 fevral. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində hazırda 1 082 nəfər şəxsin stasionar şəraitdə sosial xidmətlərlə təminatı həyata keçirilir.

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, onlardan 320 nəfəri sağlamlıq imkanları məhdud uşaq müvafiq olaraq nazirliyin 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində, 202 nəfər şəxs Müharibə və əmək əlilləri üçün pansionatda, digər şəxslər isə aidiyyəti üzrə sosial xidmət müəssisələrində yaşayırlar. Bu müəssisələrdə yaşayan insanlar daimi olaraq qida, geyim, tibbi və reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılması sahəsində də son illərdə məqsədyönlü işlər aparılır. Bu istiqamətdə mühüm tədbirlərdən biri kimi, Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində 1 saylı və 2 saylı sosial xidmət müəssisələrində sağlamlıq imkanları məhdud uşaqlar üçün nümunəvi yaşayış və reabilitasiya şəraitinin yaradılması təmin olunub. Həmçinin ayrı-ayrı sosial xidmət müəssisələrində əsaslı təmir işləri aparılıb və hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Sosial xidmət müəssisələrində yaşayan şəxslərin, eləcə də həmin müəssisələrdəki sağlamlıq imkanları məhdud uşaqların doğma ailə mühitinə qayıtmaları üçün de-institusionalizasiya tədbirləri də davam etdirilir. Bu tədbirlər nəticəsində ötən il sosial xidmət müəssisələrindən ümumilikdə 70 nəfər, o cümlədən 36 nəfər sağlamlıq imkanları məhdud uşaq doğma ailələrinə qayıdıb. 

Son xəbərlər

Orphus sistemi